"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva cənab Ali Baş Komandana təbrik ünvanladı!

Hörmətli Prezident, cənab Ali Baş Komandan İlham Əliyev!

Azərbaycan xalqı üçün misli görünməmiş tarixi və şərəfli bir zamanın yaşandığı günlər, həftələr və aylarda ürəyi Vətən hissi ilə döyünən bir azərbaycanlı kimi Sizə təkrar müraciət edirəm. Nə üçün təkrar deyirəm – çünki 2020-ci il sentyabr ayının 27-dən başlanan şanlı qələbələr silsiləsinin hər birində-kəndlərimiz, qəsəbələrimiz düşməndən geri alındıqca, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Şuşa rayon mərkəzləri, bizim tarixi şəhərlərimiz qəhrəman ordumuzun əfsanəvi şücayəti ilə azadlığa qovuşduqca dövlətimizin rəhbərinə və bu məsul günlərdə onun ən sadiq silahdaşı Mehriban xanıma – yəni Sizlərə üz tutaraq təbriklərimi çatdırmış, dualarımı, arzularımı bildirmişəm! Mən Sizə və ordumuza dualar etdiyim həmin anlardakı qədər həyatım boyu ruhən yüksək, qəlbən qürurlu və xoşbəxt olmamışam!

Ali Baş Komandanımız, Sizin özünüz də söylədiyiniz kimi, son iki ayda Vətən müharibəsindəki tarixi qələbələrimizlə bağlı saysız-hesabsız məktublar, müraciətlər alırsınız. Əslində, bu xalqın səsidir, hər bir vətəndaşın ifadə etdiyi mənəvi borcdur! Tarixən və indiki zamanda dünyanın heç yerində, heç bir dövlət rəhbəri öz xalqı, soydaşları tərəfindən bu qədər sevilməyib. Sizin rəhbərliyinizlə Azərbaycan ordusunun çaldığı zəfər dünyada yaşayan, Qarabağ dərdi çəkən bütün türkdilli xalqların başını uca etmiş, türkün gücünü bütün dünyaya göstərmişdir!

Bizim qələbəmizə dünya heyrandır. Uzun illərdən bəri davam edən erməni işğalına, nəhayət ki, son qoyuldu. Düşmən əzəli torpaqlarımızdan qovuldu, haqq-ədalət öz yerini tapdı.

Hörmətli Prezident İlham Əliyev!

Bugünkü təbrik məktubumun iki vacib məqamı var. Onun biri budur ki, Azərbaycan ordusu Ağdamda, Kəlbəcərdə olduğu kimi bir güllə atmadan, bir əsgər itkisi vermədən dağlar qartalı möhtəşəm Laçına Azərbaycan bayrağını - Qələbə bayrağını sancmışdır!

İkinci qürurlu məqam onunla bağlıdır ki, Azərbaycan xalqı Vətən müharibəsində bütöv qələbə çalmış, zəfər marşını səsləndirmişdir. Yüksək mənəviyyatlı, humanist təbiətli Azərbaycan övladları coşqun qələbə ovqatını yaşadığı anlarda, yenə də təmkin nümayiş etdirir, tezliklə Sizin rəhbərliyiniz ilə aparılan islahatlar ən qısa zamanda Qarabağda da öz töhfələrini verəcək, digər ərazilərimiz kimi, işğaldan azad olmuş ərazilərimizdə də dövlətçilik və qanunçuluq prinsipləri bərqərar ediləcəkdir.
Cənab Prezident İlham Əliyev!

Biz xoşbəxtik, çünki varlığımız ümidlə doludur. Biz inanırıq ki, bundan sonra tarixdə heç zaman Azərbaycan xalqına məxsus bir qarış, bir zərrə torpaq belə yadların təcavüzünə məruz qalmayacaq, vətənimizə göz dikən olarsa, amansızlıqla susdurulacaq, məhv ediləcək!

Bu tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaqdır. Müzəffər Ordumuzun bu qiymətli hərbi-siyasi qələbəsinin əhəmiyyəti heç bir şeylə müqayisə edilə bilməz.

Gözün aydın Vətən, gözün aydın Azərbaycan!

Yaşa, Ali Baş Komandan!

Var ol, Azərbaycan Ordusu!

Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Psixologiya üzrə fəlsəfə doktoru,

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin sədri Təranə Paşayeva
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.