Kəkələmə aradan qaldırıla bilərmi?

KƏKƏLƏMƏ – normal nitq axıcılığının pozulmasdır. Bu bir xəstəlik olmasada ciddi bir problemdir. Kəkələmə bir çox hallarda 2-5 yaş arası uşaqlarda inkişaf edir və bu kəkələmə anadan gəlmə kəkələmə sayılır. Bir çox hallarda valideyinlər bununla razılaşmırlar. Nə oldu? 3-4 yaşına qədər kəkələmirdi axı. Anadan gəlmə kəkələmə olsaydı nitqi açılan andan etibarən kəkələyərdi - deyə reaksiya verirlər. Amma bu belə deyil. Əgər diqqət yetirmisinizsə kəkəmələr(kəkələyən insan) lokanik nitqdən istifadə etməyə çalışır. Çünki nə qədər qısa danışarsa, bir o qədər kəkələməz. O cümlədən, əgər körpə yeni dil açıbsa və sözlərdən hələ tək-tək istifadə edirsə, təbiidir ki, kəkələməyəcək. Artıq cümlə qurmağa başladıqda fikrini tam şəkildə ifadə etdikdə kəkələyəcəkdir. Buna görə də 2-5 yaş arası uşaqlarda olan kəkələmə anadan gəlmə kəkələmə sayılır. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez baş verir. Kəkələmənin inkişaf etmə səbəbələri kimi, aşağıda yazılanları göstərmək olar:
• Uşağın baş beyinin – funksiyalarının müxtəlif səbəblərdən pozulması. Məsələn doğuş travması, asfiksiya, baş beynin travmaları, beynin silkələnməsi, beyin zədələyən infeksiyanın yoluxması və s.
• Ağır psixoloji travmalar- məsələn güclü qorxu, bəzən çox güclü olmayan qorxular, stress, gərginlik, uzun müddətli yuxusuzluq və s.
• İnsan psixikasına təsir edən uzun müddətli vəziyyətlər və s.
• Genetik faktorlar
• Uşağın təqlidlə əlaqəli kəkələməsi.
• Solaxaylıqla əlaqəli kəkələmə.
• Nitqdə iştirak edən orqanların sturuktur və funksiyasının anomaliyalarla müşahidəsi
• Emosional pozulma.

Anatomik-fizioloji əlamətlərə görə kəkələmə E.S.Nikita və M.F.Brune tərəfindən iki qrupa ayrılır. Palidar sindromlu və striar sindromlu uşaqlar.
1. Palidar sindromlu uşaqlarda psixoloji-fiziki lənglik, şəxsiyyət pozulmaları, ətrafdakılarla əlaqə yarada bilməmək, oyunlarda iştirak etməmək kimi hallar müşahidə olunur.
2. Striar sindromlu uşaqlara isə psixo-fiziki lənglik, əsəb-psixi pozulmalar xasdır. Bu uşaqlar çox asan və əlaqəyə girən kəkələmədən utanmayan uşaqlar olurlar.

A.F.Şelting isə kiçik məktəblilərin kəkələməsinin tədqiq edilməsində özünün tərtib etdiyi təsnifata əsaslanır. Bu təsnifata görə kəkələmə motorikanın inkişafının ləngiməsi fonunda, nitqin ləngiməsi fonunda , alaliya ilə bağlı ümumi zəifliyin olması, əzələ zəifliyi, yüksək əsəbilik, çox vaxt isə dislaliya ilə nevrotik tipdə fərqləndirilir. Valideynlərin söhbətindən loqoped daha vacib olanları, yəni, ailə mühiti, ailə daxili münasibətlər, uşağın ümumi nitq və motorika inkişafının gedişi barədə məlumatlar toplayır. Uşağın prenatal ( doğuşdan əvvəl) mərhələdə inkişafı, ananın uşağı dünyaya gətirərkən yaşı (35-ə qədər və ya yuxarı), onun əsəbi -psixi sağlamlığı, atanın və ananın hamiləlik dövrü keçirdikləri, xəstəliklər daha qiymətli məlumatlar hesab olunur. Sırf ona görə də ilkin yoxlanış zamanı valideynlərlə olan söhbət çox önəmlidir. Ata və ananın uşağın dünyaya gəlməsi dövrünə qədərki sağlamlığı haqda verdiyi məlumatlar uşağın somatik və əsəbi – psixi səviyyəsinin pozulma hallarını aşkarlamağa kömək edir. Uşağın bətndaxili inkişafı zamanı mənfi amillər sonradan uşağın nitqinə və ümumi inkişafına təsir göstərir.
Valideynlərlə söhbət zamanı uşağın nitq inkişafı haqqında məlumatlar dəqiqləşdirilir. Bu zaman loqoped uşaqda ilk qığıldama dövründən nitqin indiki vəziyyətinə qədər soruşub qeyd edir. Nitqin sürəti və ətrafdakılarla ünsiyyətə girməsi barədə məlumatlar alır.

Elmi əsaslara arxalanaraq deyə bilərik ki, kəkələmə 4 qrupa ayrılır:
1. Müxtəlif genezisli mərkəzi sinir sisteminin üzvü pozulmasının resedual halı
2. Nevrotik pozulma
3. Psixopatiya
4. Süst proqrediyent şizofreniya

Kəkələmənin inkişafı yaş, cins, fəaliyyət növü və s. faktorlarla şərtlənir. Kəkələmə daha çox 2-5 yaş arası özünü göstərir və elmi tədqiqatlarla sübut olunmuşdur ki, anadan gəlmə kəkələmə növüdür. Lakin bu o demək deyil ki, bu kəkələmə növü və ya genetik kəkələmə növü müalicə olmayan bir növdür. Bütün kəkələmə növləri kimi bu kəkələmə də aradan qalxır.
Kəkələmə ilə bağlı yayılmış bir sıra yanlış inanclar və düşüncələr vardır ki, bu da valideynləri yanlış yöndə istiqamətləndirir. Əgər kəkələmə anadan gəlmə və ya irsidirsə cəmiyyətdə bu problemin aradan qalxmayacağı ilə bağlı bir fikir formalaşıb. Bir uşağın ana və ya ata tərəfində kəkələmə varsa belə ehtimal olunur ki, %40-60 nisbətində uşaqda da kəkələmə və ya hər hansı bir irsi xəstəlik problem ola bilər. Təbii ki. ailəsində heç kəkələmə olmayan ancaq kəkələyən fərdlər də var. Bu səbəbdən kəkələmənin yalnız genetik səbəblərdən qaynaqlananmadığını və əgər mütəxəssisə müraciət edilərsə, kəkələmədən mümkün qədər azad ola biləcəyini qeyd etmək olar. Kəkələmənin səbəbinin qorxu ilə də bağlı olduğu yanlış düşüncələr də mövcuddur. Fikrimi daha yadın izah etməyə çalışsam kəkələmənin səbəbinə dair bir çox fərqli fikirlər mövcuddur. Bu fkirlərdən ən məşhuru kəkələmin qorxudan yarandığıdır. Heç bir uşaq və yaxud yetişkin bir fərd çox qorxduğu və ya çox kədərləndiyi üçün kəkələməz. Bu kimi səbəblər yalnız nitq mərkəzində orqanik problemi olan, meyilli şəxslərdə qıcıqlandırıcı ya da şiddətləndirici təsirləri ola bilər. Ancaq kəkələmənin birbaşa səbəbi deyildir.
“ Kəkələmənin müalicəsi yoxdur” kimi yalnış düşüncələrə də müdaxilə etmək istərdim. Ailələrin bu kimi yanlış təlqinlərə qapılıb ümidsizləşməsi uşaqlardakı vəziyyəti daha da ağırlaşdırır. Yalnız ağırlaşdırmaqla qalmayıb aradan qalxmasını mümkünsüzləşdirir. Hal-hazırda çox fərqli kəkəməlik müalicəsindən istifadə edərək kəkəmələrdə bu problemi aradan qaldırırıq. Xüsusilə də kiçik yaşlı uşaqlarda olunan erkən müdaxilə zamanı kəkələmə daha yaxşı aradan qalxır və irəliləyən zamanlarda uşaqlar bunu demək olar ki, heç xatırlamır. Lakin? Yalnız yetkinlik dövrünə gəlmiş kəkəmələrdə xüsusi müalicə metodlarından istifadə edərək bu problemin aradan qalxmasını mümkünləşdiririk. Yetişkinlərdə qısa zamanda qəti nəticə almaq daha çətin olur. Çünki onlar yaş artıqca kəkələmənin qarşısını ala bilməyəcəyinə inanır.
Bir çox hallarda təəssüf hissi ilə qarşılaşdığımız daha bir hadisə isə budur ki, kəkələmənin yalnız dərman preparatları ilə keçəcəyinə inanırlar. Çünki bəzi hallarda həkimlər kəkələmə ilə müraciət edən ailələrə bu problemin yalnız dərmanla keçəcəyinə inandırıb yanlış istiqamətləndirir. İstifadə olunan dərman preparatları uşaqlarda olan kəkələməni qısa bir müddət üçün aradan qaldırmağa kömək bilər. Lakin yalnız dərmanla aradan qaldırılan kəkələmə qısa zaman sonra yenidən geri qayıdacaqdır. Çünki dərmanın təsiri tər və sidik yolları ilə bədəndən xaric olur. Sonra isə kəkələmə geri qayıdır.
Bildiyimiz kimi, kəkələmə oğlanlarda qızlardan 4 dəfə daha artıq müşahidə olunur. Sinir sisteminin zəifləməsi nəticəsində kəkələmə daha çox müşahidə olunur.
Kəkələməni yaradan səbəblər 2 yerə bölünür. Funksional və orqanik.
Funksional kəkələmə növü tez-tez rast gəldiyimiz kəkələmə növüdür. Mərkəzi və periferik sinir sisteminin üzvü zədələnməsi nəticəsində yaranır. Funksional kəkələmə 2-5 yaşa qədər özünü göstərir. Daha çox tez həyəcanlanan uşaqlarda özünü göstərir. Funksional kəkələmənin yaranma səbəbləri müxtəlif ola bilər:
Nitqin ümumi inkişafının geri qalması, nitq yükünün ağır olması, kəkələyən uşağın yamsılanması, ağır məişət şəraiti, ümumi inkişafdan geri qalmq və s.
Funksional kəkələmə geniş ifadələrdən qurulan nitq formalaşması nəticəsində yarana bilir. Daha çox gərgin, stresli, əsəbi uşaqlarda özünü biruzə verir.
Orqanik kəkələmə isə - istənilən yaş dövründə yarana bilər. Bu mərkəzi sinir sisteminin üzvü zədələnməsi ilə bağlıdır. Məsələn: ağır beyin xəstəlikləri, zədələr və bir sıra ağır infeksiyon xəstəliklər.

Orqanik kəkələmənin əsas əlamətləri:
- Nitqin çevikliyi əsas və köməkçi nitq hissələrində eyni tezliklə baş verir;
- Kəkələmə davranışı müxtəlif nitq formalarında eyni tipdə təzahür edilir;
- Təkrarlamalar, uzatmalar və bloklanmalar sözlərin bütün formalarında təzahür edir;
- Danışan kəkələməyə görə çox həyəcanlı və narahat olmur.

Xarakterindən asılı olaraq kəkələmə 3 növə bölünür;
1. Klonik;
2. Tonik;
3. Qarışıq növ

Klonik növ kəkələmənin ilk növüdür. Bu zaman kəkələmə danışarkən sözün yalnız əvvəlində hecaları və ya səsləri təkrarlayır. Məsələn mə-mə-məktəb, ki-ki-kitab. Klonik kəkələmə zamanı adətən tik müşahidə olunmur. Əgər mütəxəssis tərəfindən müdaxilə olunmasa kəkələmə inkişaf edərək II mərhələyə - tonik növə keçid edir.
Tonik növ kəkələmə isə sözün əvvəlində, ortasında və sonunda tutulmalarla, bloklanmlarla müşahidə olunur. Məs: ggg- gedirəm. Aaa-ana. Sözü uzadaraq bloka düşərək ifadə edir. Kəkələmənin bu növündə bloka düşən kəkəmə çox zaman sözünü ifadə etdikdə çətinlik çəkdiyi üçün bədən öz dəstəyini göstərir və tiklər əmələ gəlir. Bu vokal və ya psixomotor tik ola bilər .Çox vaxt valideyinlər psixo-nevroloji pozuntu olan tiklə kəkələmə səbəbi ilə yaranan tiki səhv salır. Adətən kəkəmə sait səslə başlayan sözlərdə kəkələyirsə, sözünü ifadə edə bilmirsə, özündən asılı olmadan saitlə başlayan sözün qarşısına hansısa samit səsi əlavə edərək (dəstək xarakterli) danışır. Elə danışmaq sözləri tələffüz etməkdə kəkəməyə kömək edir. Kəkələmə səbəbi ilə yaranan tik kəkələmənin yüngülləşməsi və ya bitməsi ilə yüngülləşə ya bitə bilər. Psixomotor tik isə kəkəmədə danışan zaman ayağını yerə vurmaqla, ağzını böyük açmaqla, burun pərlərini genişləndirməklə qollarını çırpmaqla, başını çiyninə vurmaqla və bənzər hallarla müşahidə olunur.
Kəkələmənin ən ağır və sonuncu növü isə qarışıq növdür. Qarışıq kəkələmə “tonik-klonik” və ya” klonik-tonik” olaraq 2 hissəyə bölünür . Bu təkrarlamanın və yaxud bloklanmanın çoxluq təşkil etməsindən asılı olaraq bölünür. Qarışıq kəkələmə zamanı uşaqda nəfəs daha çox düşdüyü üçün tiklərdə də daha çox artım müşahidə olunur. Bu zaman uşaqlar da özünə qapanma, komplekslərin artması, çətin ünsiyyətə girmə və ümumiyyətlə unsiyyətdən qaçınma halları baş verir. Kəkəmə daha çox lokanik sözlərə üstünlük verir. Fikirini daha tez ifadə edə bilmək üçün sürətli danışmağa çalışır. Sanki tutulsa onu sona qədər dinləməyəcəklər, sözünü yarıda kəsəcəklər kimi fikirlər formalaşır. Çünki uşaqlıqdan hər dəfə danışan zaman valideyinlər uşağa kəkələmə deyə yanlış müdaxilələr edib. Toplumda fikirini ifadə etməyə şərait yaratmayıb. Uşaq kəkələyən zaman valideyin və ya qarşısındakı şəxs onun fikrini yarıda kəsib, özü tamamlamağa üstünlük verir və bununla da ona kömək etdiklərini düşünür. Bütün yanlış müdaxilələrin sonunda uşağın özgüvəni zədələnir və kompleskləri artır.
Kəkələyən şəxsin fikirini lokanik ifadə etməsinin və ünsiyyətə girməkdə çətinlik çəkməsinin səbəbələrindən biri də uşaq vaxtı aldığı travmalardır. Təbii ki, bunlar terapistin və valideynlərin düzgün müdaxiləsi ilə aradan qaldırıla bilər.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.