Gəlimli-gedimli dünya...

Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə doktoru
İnsan doğulur, bir ömür yaşayır, sonra həyata vida edir. Əsrlərdir xalqın dilində formalaşan "ölüm haqdır" ifadəsi də hər yaşamın sonu olduğu həqiqətini deyir. Çiçək, böcək, kəpənək, təbiətdə canlı olan nə varsa, doğulur və ölür.

İnsan övladının dünyaya gəlişi sevinc, dünyadan gedişi hər zaman hüzn, kədər doğurur. Niyə belədir? Niyə doğuluşu bayram edir, ayrılığa hüznlənir, yas tuturuq? Qəribədir, ailədə körpə doğulur, bu sadəcə doğmalar və yaxın çevrə dairəsində qeyd edilir. İnsan dünyadan köçür, el yığılır, çadırlar qurulur, ehsan verilir, ölünün ruhuna fatihələr oxunur.

Dünyanın bütün xalqları insan ölümünü özlərinə məxsus şəkildə mərasimləşdirirlər. Azərbaycanda ta qədimlərdən bu günümüzə qədər gələn yas ənənələri xüsusi mərasimlər şəklində keçirilir. Cənazə mərasimi, 3-cü gün, 7-ci gün, 40-cı günə qədərki cümə axşamları, 40-cı gün, bəzi bölgələrdə hətta insan vəfatının 52-ci günü belə xüsusi qaydada qeyd olunur. Və nəhayət, bir ilin tamamında kütləvi mərasimlərə son verilir. Sonrakı illərdə vəfat edən şəxs doğum və ölüm günlərində yalnız doğmalar tərəfindən yad edilir, ruhuna fatihələr oxunur, adına halva çalınır.

Yas mərasimlərinin insanlar üçün nə anlamı var?

Ölüm və yas fəlsəfəsi haqqında ayrı-ayrı əsrlərdə yaşamış filosofların, alimlərin çoxlu sayda fikirləri elmi kitablarda, tədqiqat əsərlərində yer almışdır. Bizim məqsədimiz ölüm fəlsəfəsi barədə danışmaq, alimlərin fikirlərini diqqətə çatdırmaq deyil.

Son zamanlar insan ölümünün adiləşməsi ilə bağlı fikirlər də eşidirik. Hətta yaşlı adamların dilindən belə bir kəlmə də səslənir: İnsan ölümü toyuq ölümü qədər ucuzlaşıb. Bu, ümumən insan amilinin dəyərsizləşdiyini ehtiva edən bir fikir kimi düşünülə bilər?

Ekran-efir, sosial şəbəkələr hər gün ölüm xəbərləri verir. Dünyanın ən ucqar nöqtəsində baş verən fəlakətlərdən, faciəli hadisələrdən anında xəbər tuturuq. Bunları bilmək, eşitmək bizə nə verir, hüzn, qüssə, kədər gətirən bu bilgilər bizim həyatımıza, psixologiyamıza necə təsir edir, ümumiyyətlə, bunlar barədə düşünən varmı?

Əziz və doğma insan həyata əbədi vida edir. Dünyanın ölümlü olduğunu bilə-bilə yenə itkilərə üzülürük, bu yoxluğa inanmaq istəmirik, yas tuturuq, soyuq məzar daşına sarılaraq göz yaşı axıdırıq. Sanki bununla içimizdəki ağrı-acını azaldırıq.

Bəs dünyanın ölümlü olduğunu bilə-bilə niyə ölüyə yas tuturuq, bunun anlamı nədir? Niyə seçilmiş günlərdə ölən insanı mərasimlərlə yad edirik? Doğması həyatdan köçən dostumuza, oğlu şəhid olan anaya, atasını müharibədə itirən azyaşlı uşağa necə yanaşmalıyıq, onların acısını yüngülləşdirmək üçün nələrsə etməliyikmi?

İnsan şüurlu olduğu qədər də emosional varlıqdır. Yaxınının, doğmasının ölümü onu təbii olaraq kədərləndirir. Amma xarakterlər fərqli olduğu üçün hər insan qəmi, kədəri fərqli şəkildə yaşayır. Burada digər faktorlar da var. Məsələn, ölənin hansı yaşda olması, uşaqdırmı, yeniyetmə və ya gəncdirmi, xəstə və ya yaşlıdırmı? Bir başqa faktor ölümün baş vermə vəziyyətidir. Qəfil ölüm, faciəli ölüm, sakit, yəni öz əcəli ilə əbədiyyətə qovuşma? Fərqli situasiyaların emosional təsir gücü fərqli olur. Deyək ki, biri hansı yaşdasa bəlli bir xəstəlik səbəbindən vəfat edir. Təbii ki, nə qədər ağrılı olsa da, bu, gözlənilən ölümdür, ailə, yaxınlar bu ölümün bir gün gerçəkləşəcəyini bilir, yəni buna qismən hazırdırlar. Başqa bir halda ailənin gənc oğlu sapsağlam evdən çıxır ya işə, ya təhsil aldığı məktəbə gedir, yolda qəza nəticəsində faciəli şəkildə həlak olur. Bu xəbəri alan ailə hansı hissləri keçirə bilər? Yaxud gecə-gündüz cəbhədən gələn xəbərləri dinləyən, hər telefon zənginə diksinən ana 18-19 yaşlı oğlunun şəhid olduğunu eşidir.

Hər iki halda ilk anlar inkar etmə başlanır. Bəlkə yanlış xəbərdir, bəlkə başqasıdır, bəlkə mənim oğlum deyil kimi fikirlər yer alır beyinlərdə. Xəbər doğrulandığı zaman etiraz, inkar, üsyan hökmranlıq edir duyğularda.

Psixologiyada yasla əlaqədar ruhi vəziyyətin beş dalğası qeyd edilir:

İnkar-təcrid (Ölən şəxsin yaxını ilk mərhələdə itkiyə inanmaq istəmir, qeyri-ixtiyari ağır fikri özündən uzaqlaşdırmağa cəhd göstərir)

Əsəb-hirs (ikinci mərhələdə iç dünyanın üsyanı başlanır. Niyə mənim başıma gəldi, niyə mənim oğlum, niyə mənim anam? Və sair kimi cavabsız sorğuların üsyanı)

Hesablaşma (İç dünya ilə savaşdan sonra haqq-hesab başlanır. Mən ona bunu niyə dedim, niyə onun qəlbini qırdım və s.)

Depressiya (Daxili aləmdə gedən mücadilə beyinə təsirsiz ötmür, qeyri-sağlam düşüncələr depressiv vəziyyətə yol açır)

Qəbullanma (Artıq məntiqi təfəkkür öz sözünü deməyə başlayır, yəni inanc dövrəyə girir. Yəqin Yaradanın məsləhəti belə imiş, ölənlə ölmək olmaz inancı).

Söhbət sağlam düşüncə ilə yas saxlamaqdan gedir. Əgər əzizini itirən şəxs 6 ay, ən uzağı bir il ərzində itkini şüurlu şəkildə qəbullanırsa, bu sağlam yas saxlama sayılır.

Əks halda insan yenidən dərdin əvvəlinə dönə bilər ki, bu da psixosomatik xəstəliklərə gətirib çıxarar. Belə halda həmin şəxs mütləq professional psixoterapevtik dəstək almalıdır.

Hüznlü şəxsə təsəlli vermək doğrudurmu? Məsələn, iki oğlu şəhid olan ananın ürək yanğısını təsəlli ilə söndürmək mümkündürmü?

Ümumiyyətlə, əzizi vəfat edən insan üçün ən doğru yol onun yasını sona qədər tutmasıdır. Onları sakitləşdirməyə ehtiyac yoxdur. Hər kəs acısını xarakterinə uyğun şəkildə çəkəcək. Biri hay-küylə, ağlayaraq, digəri sakit göz yaşını içinə axıdaraq. Önəmli olan onların yanında dayanmaq, yalnız buraxmamaq, acısını paylaşmaqdır. İçdə körüklənən ağrı-acını göz yaşı ilə, dil deyərək ağlamaqla boşaltmaq ən doğrusudur.

Bizim əsrlərdən gələn gələnəklərimiz var. Yasın işi ağlamaq, toyun yaraşığı çalıb-oynamaqdır. Ulularımızın dilindən qopan bu kəlmələrdə çox böyük hikmət var. Amma nə qədər ağrılı olursa olsun nə yasda, nə də toyda əndazəni aşmaq doğru deyil.

Ölüm hadisələrinin təsirinin nisbətən azalması söyləntisinə gəlincə, bu, çox güman ki, son bir ildə baş verən hadisələrlə bağlıdır. Öncə pandemiya nəzərə çarpacaq dərəcədə insan tələfatına səbəb oldu. Pandemiya şərtləri insanların hüzn və kədərlərini bölüşmək imkanlarını demək olar ki, sıfıra endirdi. Yalnız az sayda yaxın ailə üzvlərinin iştirakı ilə keçən sadə dəfn mərasimləri istər-istəməz insanlarda bir küskünlük, laqeydlik, hətta ümidsizlik yaratdı. Sanki bir-iki il əvvəl coşub çağlayan qaynar həyat insanların gözündə mənasını itirməkdə idi. Ardınca da İkinci Qarabağ savaşının nəticəsi olan itkilərimiz. Müharibə qurbanlarının ölümü digərlərindən mahiyyətcə fərqlənir. Burada ölüm gözə alınır, gözlənilən olur. Vətən, torpaq uğrunda döyüşərək, canını fəda etmək, şəhidlik zirvəsinə ucalmaq ailə üçün nə qədər qürurverici olsa da, ölümün vahid mahiyyəti var. O insan bir daha geri dönməyəcək, doğmalarının, əzizlərinin arasında olmayacaq, yaşının üstünə yaş gəlməyəcək.

Yas deyincə ilk yada düşən ölüm olur. Amma ölümlə nəticələnməyən elə ayrılıqlar var ki, o itkinin ağırlığı çəkilməzdir. Məsələn, bütün varlığınla bağlı olduğun, sevdiyin, yaxud evli olduğun bir şəxslə ayrılıq. Belə ayrılığın da psixoloji travması doğma insanın ölümü qədər sarsıntı yaşada bilər.

Çəkilməz hesab edilən kədəri necə dəf etməli, onu necə yaşamalı, ümumiyyətlə, yas saxlamağın mahiyyəti, anlamı nədir? Əslində, sözügedən mövzu olduqca geniş və əhatəlidir. Biz sadəcə konkret olaraq bəzi məqamları diqqətə çatdırırıq.

Yas saxlamamağın mənfi tərəfləri və yas tutmağın avantajları nələrdir? Doğması, əzizi dünyadan köçən şəxs ilk zamanlarda yetərli qədər yas saxlamır, iç dünyasını bürüyən kədəri sağlam düşüncə ilə yaşamırsa, bu vəziyyət uzun müddət, bəzən isə illərlə onu öz əsarətində saxlaya bilər.

Yas saxlaya bilməyən şəxs dünyasını dəyişən əzizinin yoxluğunda məsuliyyəti öz üzərinə götürmək, həyat tərzini dəyişmək qorxusu ilə yaşayır. Məsələn, bütün fəaliyyəti evdarlıq və uşaqla məşğul olmaqla bitən qadın həyat yoldaşının ölümü ilə şok yaşaya bilər. Burada bağlı olduğu adamın itkisi ilə bərabər, onun yoxluğunda nə edəcəyi, uşaqları necə böyüdəcəyi duyğuları bir-birinə qarışır. Bu səbəbdən də, onun hələ də diri olduğu düşüncəsini yaşadır, xatirəsini canlı tutmaqla sanki problemlərdən yaxa qurtarmaq istəyir.

Ölənlə bağlı duyğular hələ təzədir, duyğusal boşluqlar və vəfat edən şəxslə əlaqəli tamamlanmamış problemlər narahatlıqlara yol açır. Mən ona sağlığında niyə bunu dedim, niyə qəlbinə dəydim, niyə getmə demədim və sair kimi iç dünya ilə qeyri-sağlam savaş öz işini görür. Belə olan halda şəxs özünü halsız, yorğun və bitkin hiss edir. Qeyri-sağlam düşüncələr beyindən bədənə ötürülür ki, bu da gözlənilməz xəstəliklərin yaranmasına səbəb olur.

Əzizini itirən şəxs ayrılığa qarşı həssasdırsa, qəbullanma müddəti daha uzun sürür. Məsələn, deyək ki, nənə himayəsində böyüyən və ona çox bağlı olan yeniyetmə nənənin ölümü ilə sanki bədənindən bir parçanın qopub getdiyini və cəsədlə bərabər torpağa gömüldüyü duyğusunu yaşayır. Bu halda ayrılıq əzaba çevrilir.

Nəticə etibarilə yas saxlamaq, həyata vida edənin yoxluğunu şüurlu şəkildə qəbullanmaq bir növ ayrılıqdır. Belə halda ölən şəxsin yaxını onunla həm fiziki, həm də duyğusal olaraq əlaqəsinin kəsilməsinin yasını tutur. Ölənə nə qədər məna yüklənər, nə qədər önəm verilərsə, onun gedişi bir o qədər də ağrılı keçər. Yas dövründə şəxs özünü pis hiss etdikcə, reallıqla barışmaq istəmədikcə, psixi sağlamlığın pozulması qaçılmaz olur ki, bu da insanı dəlilik dərəcəsinə qədər apara bilər.

Bəzən yaslı şəxs kədər duyğusundan qaçmaq üçün ziyanlı vərdişlərə əl atır. Spirtli içkiyə, narkotik vasitələrə qurşanmaqla onu yoran, əzən hisslərdən yaxa qurtarmaq istəyir. Belə hallar yasın ziyanlı tərəflərini gələcək nəsillərə ötürür ki, bu da uşaqlarda ölüm travması yaradır.

Yas saxlama dönəmində bəzən ya uşaqlar unudulub diqqətdən kənarda qalır, ya da onlar prosesin lap mərkəzində olurlar. Məsələn, ata şəhid olur, gənc ana hər şeyi unudaraq özünü azyaşlı övladının qarşısında az qala həlak edir. Ana hönkür-hönkür ağlayır, isterik vəziyyətdə saçını yolur, dırnaqları ilə üzünü qana boyayır. Hələ heç bir yas təcrübəsi olmayan və anasını qorxunc vəziyyətdə görən uşaq ağır psixi travma alır.

Oğlu ölən ananın isə azyaşlı nəvəyə yanaşması daha qorxunc nəticələrə apara bilər. Anadan fərqli olaraq nənə nəvəni bağrına basır, atan şəhid oldu, deyib nalə çəkir. Anlamadığı xaotik vəziyyət atası üçün darıxan, hər gün onun evə dönəcəyini gözləyən uşağa sarsıdıcı zərbə vurur. Anası, nənəsi niyə belə eləyir, qonşular-qohumlar niyə ağlayır, 5-6 yaşlı uşaq üçün bunlar dərk olunmaz duyğulardır.

Bəs yas saxlamağın müsbət tərəfləri nələrdir? Sağlam düşüncə ilə, ifrat emosiyalara yol vermədən şüurlu şəkildə yas saxlayanın beyni travma almır, sağlam qalır. Başqa itkilərə qarşı dözümlü olur. Emosiyalarını tənzimləməklə itki ilə bağlı kədərini rahat şəkildə yaşayır, ölən yaxını ilə bağlı xoş xatirələrini ətrafdakılarla bölüşür. İç dünyası ilə savaşa girmir, üsyan eləmir, taleyin hökmü ilə barışır, yasla bağlı ənənələri ehtiramla yerinə yetirir. Məzarlıqda ölən əzizinin qəbri başında ona sağlığında deyə bilmədiklərini söyləyərək rahatlıq tapır.

Yas dönəmini sağlam düşüncə ilə keçirmək, kədəri sona qədər yaşamaq insanı sonradan xəstəliklər qazanmaqdan qoruyur. Əgər bir insan itkinin kədər yükünü təklikdə çəkə bilmir, onun ölümü ilə barışa bilmir, iç dünyası ilə savaşı davam etdirirsə, bu halda professional dəstək alması lazımdır. Belə hallarda yaxın çevrə diqqətli olmalı, lazım olan köməyi göstərməlidir. Uşaqlara xüsusi həssaslıqla yanaşılmalıdır. 0-6 yaş aralığında uşaq hələ itkinin nə olduğunu qavramağa qadir deyil. Amma bir qədər böyük uşaqlar onların anlayacağı dildə baş verən hadisəni bildirmək lazımdır. 10 yaşa qədər uşaqları qəbir üstünə aparmaq psixologiyada məqbul sayılmır.

Ulu Dədəmiz Qorqud söyləyir ki:

Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!

Biz bu dünyaya təşrif buyuran nə ilk, nə də sonuncu insanıq. Təbiətin qanununa görə yaradılmışıq ki, bəşəriyyətin həyatı davam etsin. Kiminsə əbədiyyətə qovuşmağıyla dünya boş qalmır. Və yaxşı ki, bu, belədir...
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.