Yaxınlarımızı intihardan necə qoruyaq?

Bu gün dünyanın hələ də öhdəsindən gələ bilmədiyi problemlərdən biri də intihardır. İnsan niyə yaşamaq istəmir, yaxud niyə yaşaya bilmədiyi üçün özünə qəsd yolunu seçir? Bu suallar bəşər tarixinin əvvəlindən insanlığı düşündürür.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın sözlərinə görə, tədqiqatlar göstərir ki, özünəqəsd biri digəri ilə əlaqədə olan sosial mühit və fərdi psixoloji problemlərin təsiri ilə əlaqəlidir:

“Yəni biri digərini körükləyir. Bəzi tədqiqatlar isə psixi cəhətdən sağlam olmayan şəxslərin daha çox intihar yolunu seçdiyini göstərir. Səbəb nə olursa olsun, görünən odur ki, şəxs intihar yolunu özü seçir. İntihara cəhdin qarşısı alına bilərmi, ölümü seçən insanı yenidən həyata qaytarmaq olarmı? Öncə intiharla bağlı bəzi rəqəmlərə, faktlara diqqət yetirək”.

T.Paşayeva vurğulayıb ki, araşdırmalara görə dünyada hər 40 saniyədən bir intihar hadisəsi baş verir: “Faciəli ölüm sayına görə kişilər ilk sırada gəlir. İntihara cəhd halları isə qadınlarda daha yüksəkdir. Risk qrupuna daha çox yeniyetmələr və yaşlılar daxildir. İntihar edənlərin 90-95-faizini psixi cəhətdən sağlam olmayan şəxslər təşkil edir. Yəni depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozuntusu kimi ruhi rahatsızlıqları olanlar, həmçinin narkotik vasitə və alkoqol asılılığından əziyyət çəkənlər üzdəniraq bir “sevgiylə” ölümün ağuşuna atılırlar.

Payız və qış aylarında intihar hallarının nisbətən artığı müşahidə olunur. Psixologiyada payız, qış depressiyaları terminləri də öz əksini tapır. Depressiv vəziyyətlərin də intihara aparması diqqətə alınmalıdır.

İnsan niyə özünə qəsd edir, niyə yaşamaq əvəzinə ölümü seçir, buna səbəb nədir? Səbəblər çoxdur və fərqlidir. Çarəsizlik və ümidsizliyə qapılan bəzi insanlar intihar yolunu seçir. İnsan çətinliyə düşür, özünə qapanır, ətrafdan yardım gözləmir, problemi özü həll etmək istəyir, yaxud yaxın çevrəsi yardım əli uzatmır və həmin şəxs ümidsizliyə qapılır. Artıq o uçurumun kənarındadır, geriyə yollar bağlanıb. Onun üçün bircə yol qalır: həyatdan, yaşamaqdan xilas olmaq!

İnsanın yaxındakı faciəni dərk etməsi, həyata tutunması, yaşamına davam edə bilməsi, yanlış addım atmaması üçünsə, mütləq şəkildə ailəsinin, doğmalarının, yaxın çevrəsinin yanında olması, anlayış göstərib düşdüyü durumdan xilas etməsi gərəkdi. İntihara cəhd edənin hərəkətlərində mütləq şəkildə fərqliliklər hiss olunur. Bunlara diqqət yetirilərsə, zamanında o insana dəstək verilərsə, faciənin qarşısı alınar”.

T.Paşayeva qeyd edib ki, sağalmayan, uzun sürən, davamlı ağrı verən xəstəliklər intihara səbəb ola bilər:

“Heç bir maddi çətinlk çəkməyən, daim övladlarının diqqəti, qayğısı ilə əhatə olunan xəstə qadın uzun sürən xəstəlikdən bezir, uşaqlarının ona çəkdiyi əziyyətə dözmür və canına qəsd edir.

İslamda özünəqəsd günah sayılır. Elə bu səbəbdən İslami qaydaların doğru-düzgün elmi təbliği də maariflənmə baxımından faydalı olardı.

Səbəblərdən biri də psixi xəstəliklər, narkotik və alkaqol aludəçiliyidir. Burada irsi xəstəliklər, genetik faktorlar da nəzərə alınmalıdır. Əgər psixi sağlamlığında problem olan şəxsin nəslində intihar edən olubsa, bu mütləq nəzərə alınmalı və həmin şəxsə ailə və yaxın çevrə tərəfindən həssaslıqla yanaşılmalı, o, daim diqqət altında olmalıdır.

Narkotika və alkaqola meylli şəxslərin ailələri də diqqətli olmalı, problemin qarşısını vaxtında almalı, ehtiyac yarandıqda mütəxəssisdən məsləhət almalıdırlar. Yəni, bütün hallarda ən yaxın çevrənin duyarlı olması gələcəkdə baş verəcək faciənin qarşısını ala bilər”.

Onun sözlərinə görə, tənhalığın səbəb olduğu intiharlar daha çox yaşlılar arasında baş verir. Tənha insanlar toplumdan uzaq düşür, ünsiyyətsizlikdən əziyyət çəkir, özünə qapanır və son nəticədə belə yaşam tərzindən bezərək çarəni ölümdə axtarır:

“Yeniyetmə və gənc nəsili intihara aparan səbəbləri yaşlı nəsillə bağlı səbəblərlə eyniləşdirmək olmaz. Yeniyetməlik dönəmi insan həyatının ən həssas mərhələsi sayıla bilər. Bu dövr mürəkkəbliyi ilə fərqlənir. Şəxsiyyətin formalaşdığı bir vaxtda yeniyetməyə fərqli yanaşma tələb olunur. Bu yaşlarda intiharlar daha çox ailənin yeniyetməni anlamaması, onu diqqətə almaması, bəzi hallarda aşağılaması səbəbindən baş verir. Yeniyetməlik emosiyaların, çılğınlığın pik həddə çatdığı dövrdür.

Burada tibbi-bioloji məqamlar da var təbii ki. Hormonal dəyişikliklərin təsiriri və sair. Valideyn övladından bir çox halda onun gücündə olmayanları gözləyir, bəzən də həmin yaşda özünün arzuladığı amma əldə edə bilmədiklərini övladı vasitəsilə reallaşdırmaq istəyir. Unutmaq olmaz ki, yeniyetmə yaşda hələ baş verən hadisələri tam dərinliyi ilə anlamaq gücündə deyil. Birinin övladı sadə bir peşənin sahibi olmaq istəyir, amma valideyn maddi sıxıntı çəkməsinə baxmayaraq repititora pul xərcləyir ki, onun oğlunu və ya qızını ali məktəbə hazırlaşdırsın”.

Psixoloq qeyd edib ki, gəncləri intihara aparan səbəblər də daha çox emosionallıqla bağlı olur:

“Bəli, yaşından asılı olmayaraq insanlar fərqli səbəblər üzündən intihar edirlər. Bəs cəmiyyət, dövlət, toplum, çevrə və mütəxəssiz olaraq faciələrin qarşısını almaq üçün biz nələr etməliyik? Əsas sual da elə budur.

Bu işdə KİV-lərin, radio və televiziyaların, məktəb və ailə psixoloqlarının, psixoloji mərkəzlərin, həmçinin dini qurumların üzərinə böyük məsuliyyət düşür”.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.