Azərbaycançılıq ideyası Qarabağ qələbəsinin zəminidir!

Yurdumuzu yağı düşməndən təmizləyib torpaqlarımızın ərazi bütövlüyünün bərpasına nail olmaq üçün indiki mərhələdə azərbaycançılıq qədər ciddi, məqsədyönlü təsir vasitəsi düşünmək mümkün deyil. Bunu hər bir vətəndaş iş yerində, evdə, ictimaiyyət arasında, övlad tərbiyəsi zamanı bir an belə unutmamalıdır!

Prezident İlham Əliyev bütün çıxışlarında bu məsələni xüsusi vurğulayır: "Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır”.

Azərbaycançılıq ideyası ibtidadan, yəni şüurlarda xırda bir işartı kimi alışdığı andan müstəsna dəyərə malik olmuşdur. Eyni zamanda təqribən 150 ilə yaxın vaxt axarında tarixi təkamül yolu keçmiş, ürəkdən-ürəyə, düşüncədən-düşüncəyə adlayaraq sarsılmaz bir qüvvəyə çevrilmişdir. Bu ideyanın daşıyıcıları lap ilk vaxtlardan xalqımızın ən layiqli övladları olmuşlar. Onlar ideyanı, ideya onları yaşatmışdır. Əgər bu qəbildən olan şəxsiyyətlərin adını sadalamağa başlasaq, on minlərlə görkəmli xadimin ismini, soyadını xatırlamalı olarıq. Azərbaycançılıq ideyası sovet dövründə də öz təsir gücünü azaltmamış, xalqımız dünyanı qəzəbə dolduran bir sistem içində belə özünün milli varlığını qoruyub saxlamışdır.

Azərbaycançılıq ideyasının çiçəklənmə mərhələləri son onilliklərdə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Xalq tərəfindən dəstəklənən, onun yaradıcı potensialını qatbaqat yüksəldən azərbaycançılıq məfkurəsi dövlət başçısı, İlham Əliyev tərəfindən daim inkişaf etdirilir. Bu ideyanın əsasında duran leytmotiv xətt vətənimizi, dövlətimizi hər cəhətdən qüdrətləndirməkdən, onun uğurlara gedən yolunu daha rahat etməkdən, ölkəmizin ərazilərinin toxunulmazlığına və bölünməzliyinə təminat yaratmaqdan ibarətdir.

Azərbaycançılıq azad vətəndaş cəmiyyətinin inkişafına, dövlət quruluşunun güclənməsinə fövqəladə stimul yaradır. O, milli və bəşəri niyyətləri vəhdət halına gətirir. Avropaya inteqrasiya azərbaycançılıq konsepsiyasının aparıcı istiqamətlərindən hesab olunur. Tədqiqatçılar haqlı olaraq söyləyirlər ki, başlıca dayaq nöqtəsi vətəndaşlıq olan bu ideya genişlənib şaxələndikcə, həm bizim ölkədə, həm də dünyada bütün azərbaycanlıların həmrəylik düşüncəsi də artır və hərəkətverici qüvvəyə çevrilir.

Azərbaycançılıq həm də vətəndaş məsuliyyətini artırır. İnsan bu vətən daxilində vətəndaşlıq haqlarını bilib mənimsəməklə yanaşı, anlayır ki, azərbaycanlı olmaq məsuliyyətdir. Yaxşıdır ki, hazırda ölkəmizdə gənclərin əsl vətəndaş, vətənpərvər nəsil kimi yetişməsi üçün azərbaycançılıq ideyasından geniş istifadə olunur. Artıq bu mövzu təhsil müəssisələrində proqram səviyyəsində nəzərdən keçirilir.

Əqidəli, vətənpərvər insanlar həm də psixoloji baxımdan mətin, qətiyyətli olurlar. Bu cür insanların davranışları məqsədyönlüdür. Onların həyatını vətən sevgisi işıqlandırır. Təsadüfi deyil ki, yetkin, elmli, ziyalı azərbaycanlılar bütün dünyada hörmət və ehtiramla qarşılanırlar. Ulu Öndər Heydər Əliyev təsadüfi demirdi ki, "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu sözlərdə milyonlarla yeni nəsil insanını səfərbər edib qüdrətləndirmək sehri var. Xüsusilə bu sözlər Ulu Öndərin öz dilindən səslənəndə!

Sentyabr ayının 27-də Ermənistan ordusu genişmiqyaslı təxribat törədib dinc əhalimizə, yaşayış məntəqələrinə, ümumiyyətlə, bütün xalqımıza qarşı təcavüz etdiyi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə təxribatın qarşısını almaq üçün qətiyyətli tədbirlərin görüldüyü, əks-hücum əməliyyatlarının aparıldığı zamanda bir daha aydın olur ki, azərbaycançılığa əsaslanan ümumxalq həmrəyliyi nə qədər böyük, nə qədər müstəsna əhəmiyyətə malikdir. Xalqımızın hər bir nümayəndəsi, dünyada yaşayan hər bir soydaşımız dövlətimiz tərəfindən aparılan çoxillik uğurlu siyasət nəticəsində dərk edir ki, Azərbaycanın ərazi bütövlüyü, müqəddəs torpaqlarımızın düşməndən təmizlənməsi tarixi bir missiyadır, millətimizin qeyrət, namus işidir.

Milli ordumuzun zəfər yürüşü hər bir azərbaycanlının qəlbini qürurlandırır. Xüsusən yeni nəslin milli ruhunun yüksəlişi, hərbi vətənpərvərlik coşqusu bunu deməyə imkan verir ki, xalqımız torpaqlarımızın hər qarışı üçün canından belə keçməyə hazırdır. Gənc nəslin könüllü surətdə Milli Ordu sıralarına yazılmaq istəyi qürurvericidir. Bu gün yaşından, statusundan asılı olmayaraq kişili-qadınlı, qocalı-cavanlı hər kəs ön cəbhədə əsgərlərimizin yanında olmaq, qəhrəman oğullarımıza dayaq durmaq üçün qanadlanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qəbul etdiyi taleyüklü qərarlar hər bir vətəndaşımız üçün sözsüz yerinə yetirilən bir nömrəli tapşırıq kimi əks-səda verir.

Bizi böyük qələbəyə aparan həmrəyliyin səbəbini düşünərkən bu yüksək ovqatın əsasında məhz azərbaycançılıq əqidəsinin dayandığı dərhal hiss olunur. O əqidənin ki, hər an milli birliyimizi daha da sarsılmaz edir. Bu gün vətən üçün döyüşən ordumuz, Azərbaycan adlı anamızın hər bir çağırışına hazır olan xalqımız, ordumuzu və xalqımızı bir yumruq kimi birləşdirən Ali Baş Komandanımız var. İnanıram ki, tezliklə qazanacağımız zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və bu azərbaycançılığın qələbəsi olacaq!
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.