
Çox vaxt valideynlər iddia edirlər ki, bu cür hallar yalnız uşaqlara laqeyd yanaşan, tərbiyə verilməyən ailələrdə yaşanır. Lakin uşaqların yalan danışması və anlamayaraq oğurluq etməsi hər bir ailədə yaşana bilər. Uşaqlarda yalan danışma haqqında ayrı post hazırlamağı düşünürük, bu gün isə yalnız oğurluq səbəbinin bir hissəsindən danışacayıq.
Uşaqların oğurluq etməsinə səbəb nədir?
2-5 yaş arası uşaqlar davranışlarının pis yaxud yaxşı olduğunu, olar/olmazı və sərhədləri anlamaqda çətinlik çəkirlər. Valideynlər belə halla qarşılaşanda əsla uşağı “oğurçu, yalançı” kimi adlandırmamalıdırlar. Bəs nə etməliyik? Sakit şəkildə problemi izah edin. Hər nə olursa olsun uşağa onu sevdiyinizi hiss etdirin və bu davranışı düzəltməsinin mümkün olduğuna inandırın. İcazəsiz əşya götürməyə davam etdiyi təqdirdə isə bu davranışlarına görə sevdiyi cizgifilmindən 1 günlük məhrum edin və bunun səbəbini açıqlayın. Bu zaman uşaq ciddiyəti anlayır və davranışlarını nizamlamağa çalışır.
Bəzən valideynlər qeyd edirlər ki, “Uşağın heç nəyə ehtiyacı yoxdur, amma oğurluq edir…” Uşaqlar valideynləri tərəfindən yetərincə diqqət və sevgi almadıqda, neqativ davranışlar sərgiləyərək öz üzərlərinə diqqət çəkməyə çalışırlar. Belə halda valideynlər öz yanaşmalarını analiz etməli, ailə dəyərləndirməsi aparmalıdır.
Onu da nəzərə almaq lazımdır ki, uşaqlar çox vaxt davranışları üçün ailə üzvlərini nümunə götürür. Bəzən istirahətə getdiyinizdə xatirə olaraq qaldığınız otelin hər hansı bir əşyasını götürməyiniz, yaxud icazəsiz iş yerindən evə gətirdiyiniz bir kitab kimi nümunələr uşaqda icazəsiz əşya götürmək vərdişini formalaşdıra bilər.
Əlbəttə bu davranışlara bir çox problemlər səbəb ola bilər. Biz sizinlə çox xırda bir hissəsini müzakirə etdik. Yaxın zamanda isə postun davamı paylaşılacaq