Abituriyentlərin imtahan həyəcanı.

Abituriyentlərin imtahan həyəcanı.
Yenə də hər il olduğu kimi bu aylardan etibarən ən aktual mövzulardan biri qəbul imtahanları olur. Əsas mövzu qəbul imtahanı deyil, imtahan stresi, imtahan həyəcanı və imtahana qədər davam edən heç cürə bitməyən qayğılardır. Abituriyentlərlə yanaşı bu stressi valideynlər də çəkir. Ən az abituriyentlər qədər onlar da öz övladları ilə bərabər bu imtahana hazırlaşırmış kimi olurlar.

Ailənin bütün mövzusu, emosional vəziyyəti imtahana mərkəzləşmiş vəziyyətdə olur. Abituriyenti isə ən çox narahat edən imtahana kimi hər şeyi çatdıracaqmı? Son bir dəfə də təkrar edəcəkmi? Neçə bal toplayacaq? İstədiyi ixtisasa qəbul ola biləcəkmi? və.s bu kimi suallardır.

İllərdir çəkdiyi zəhmətin bəhrəsini görmək hər bir abituriyentin arzusudur. Amma sonlara yaxınlaşdıqca artan həyəcan hər şeyi məhv edə bilər. Buna görə də hər nə olursa olsun, abituriyent ilk növbədə özünəinamını qorumalıdır. Hədəfinizi əvvəlcədən müəyyən etmisinizsə öz məqsədinizə çatmaq üçün inamınızı qorumağa çalışın. Hər bir işə başlayanda sən nəticəni təsəvvür etməlisən, nəticəni əvvəlcədən görən abituriyent üçün ruh düşkünlüyü nə zaman olsa o, öz hədəfini xatırlamalıdır.

Son aylarda həmişə olduğu kimi imtahana hazırlıq üçün keçirilən sınaqlar abituriyentlərə müsbət və ya mənfi istiqamətdə təsir edə bilər. Təbii ki, sınaqlarda yüksək bal toplayan abituriyentin özünə inamı, motivasiyası daha yuxarı olur. Bunun əksinə az bal toplayan abituriyent isə bir o qədər məyusluq keçirir. Lakin abituriyent bunun sınaq olduğunu ən son nəticənin isə imtahanda müəyyənləşəcəyini unutmamalı, özünəinamını və motivasiyasını yüksək tutmalıdır.

Bu ərəfələrdə valideynin də psixoloji təsiri çox önəmlidir. Aşağı bal toplayan abituriyentin valideyni övladı ilə birgə məyusluğa qapılmamalı və ya buna görə onu danlamamalı, əsəbləşməməlidir. Bəzən valideynlər “imtahana 1-2 ay qalıb, sən hələ də sınaqlarda yüksək nəticə göstərməmisən”; “bu gedişlə sən heç nə əldə edə bilməyəcəksən”; “filankəsin uşağı yenə 500 balı keçdi, amma sən yenə də aşağı bal yığdın” və.s kimi cümlələrlə uşağı qınaya, onu pərt edə bilər. Lakin bilmək lazımdır ki, abituriyent də aşağı nəticə göstərməsini istəməz, əgər ortada belə bir problem varsa, onu uğursuzluğu ilə günahlandırmaq daha da uğursuz olmasına səbəb ola bilər. Məhz belə zamanlarda valideynin soyuqqanlı olması və abituriyentə dəstək göstərməsi, problemləri söhbət etməklə həll eləməsi olduqca vacibdir.

Keçək abituriyentin imtahan öncəsi fikir verməli olduğu önəmli qaydalara: abituriyent özünü real qiymətləndirməlidir. O, əlində olan nəticəni daha doğrusu sınaqlarda əldə etdiyi nəticəni düzgün analiz etməlidir. Hansı fənlərə xüsusi diqqət verməli olduğunu dəqiqləşdirməlidir. Ümumilikdə sınaqlarda əldə etdiyi nəticələri təhlil edərək planlı hərəkət etməlidir. Daha yaxşı olardı ki, abituriyent özünə günlük plan qursun və bu plana görə hərəkət etsin. Eyni zamanda valideynlərin və müəllimlərin məsləhətlərinə əməl etməyə səy göstərməlidir. Təbii ki, son günlər abituriyent üçün çətin keçə bilər, lakin o öz sağlamlığına da xüsusi diqqət yetirməlidir.

Ən önəmli qaydalar abituriyentin qida və yuxu ehtiyaclarının vaxtında ödənməsidir. Abituriyent gündəlik 6-7 saat öz yuxusunu almalıdır. Bəzən abituriyent gecəni oyaq qala, gün ərzində yatmaya və ya səhər yeməyini yemədən dərsə gedə, günorta ayaqüstü bir-iki tikə nəsə yeyib hazırlığa gedə bilər, bəs etməzmiş kimi gecə gəlib lazım olduğundan çox yeyib öz sağlamlığını təhlükəyə ata bilər. Bu demək olar ki, abituriyentlərin əksəriyyətinin gündəlik qida və yuxu ilə bağlı rejimidir. Təbii ki, belə olan halda çox keçməyəcək ki, abituriyent yuxusuzluq nəticəsində gərgin, əsəbi, stressli olacaq və maddələr mübadiləsi pozulacaq. Düzgün qidalanmama zamanı isə immun sistemi zəifləyəcək. Nəticədə abituriyent gün ərzində yuxulu, yorğun və əsəbi olacaq. Əgər belə narahatlıqlarla üzləşmisinizsə, təcili tədbir görməyiniz vacibdir. Gündəlik yuxunuzu düzgün almalı, qida qəbuluna isə fikir verməlisiniz. Yaxşı olar ki, səhər yeməyində enerjinizi bərpa edəcək qidalar qəbul edəsiniz. Digər vaxtlar isə ağartı məhsulları, meyvə-tərəvəz, zülal ilə zəngin sulu xörəklər qəbul edəsiniz. Günortalar ehtiyac duyduqda yarım saat və ya bir saat istirahətə vaxt ayırın. Axşamlar isə mümkün qədər az qida qəbul edin.

Və sonda: Gələcəyiniz üçün bu imtahanın önəmli olduğu fikri ilə mən də tamamilə razıyam, amma unutmayın ki, bununla hər şey bitmir. Hələ qarşıda sizləri daha çox imtahanlar gözləyir. Ona görə həddən artıq streslə yüklənmək sizi müsbət nəticəyə yaxınlaşdırmayacaq. Sağlamlığınıza da fikir verməlisiniz. Hər zaman pozitiv düşünməyə çalışın, özünüzə inanın, bacaracağınıza əmin olun. Əgər xəyalını qura bilirsinizsə, deməli realını da edə biləcəksiniz....
Uğurlar...
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.