Prezidentin bu addımındakı mühüm nüans - Psixoloq

Prezidentin bu addımındakı mühüm nüans - Psixoloq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı və İsmayıllı rayonları ərazisində baş verən, episentrdə 6 bal gücündə qeydə alınan zəlzələdən bir gün sonra - fevralın 7-də Şamaxı rayonuna səfər edərək, zərər çəkən tikililərə baxıb, sakinlərlə görüşüb. Prezidentin bu səfəri həm yerli sakinlər, həm də ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Bu sözləri Axar.az-a açıqlamasında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Paşayeva deyib.
O, ölkə başçısının zəlzələ ərazisində sakinlərlə görüşməsini, söhbətlər aparmasını onlara edilən ilk və mükəmməl psixoloji yardım kimi dəyərləndirib. Psixoloq bildirib ki, təbii fəlakətlərin onu yaşayan insanlarda depressiya və posttravmatik stress pozuntusu yaratma təhlükəsi böyükdür:
“Belə duruma düşən şəxs uzun müddət özü istəmədən o dəhşətləri xatırlamalı olur, sanki yenidən yaşayır. Hadisə baş verəndən sonra uzağı bir gün ərzində zərərçəkənlərə, yaxud şahid olanlara psixoloji yardım göstərilməsə, stress nəticəsində gərginlik şüuraltına keçə bilər. Hər hansı qəfil səs onları diksindirər, zəlzələnin yenidən baş verdiyi təəssüratını yaradar. Şiddətli qorxu ən ağır xəstəliklərə yol aça bilər”.
T.Paşayeva vurğulayıb ki, Şamaxıda baş verən zəlzələdən dərhal sonra Prezidentin təbii fəlakətdən əziyyət çəkənlərlə ünsiyyətə girməsi onların əhvalına ciddi şəkildə müsbət təsir edib, bununla da depressiya və posttravmatik stress pozuntusu hallarının yaşanması təhlükəsi aradan qalxıb:
“Ölkə başçısının sakinlərlə dialoqunda səsləndirdiyi qayğı, diqqət, dəstək əks etdirən fikirləri zəlzələnin psixoloji sarsıntısını anındaca unutdurmuş oldu. Bunu sakinlərin münasibətindən aydın görmək mümkündür. Onlar razılıqlarını belə ifadə etdilər: "Allah Sizə uzun ömür, cansağlığı versin", "Ailənizlə xoşbəxt olasınız", "Nə yaxşı ki varsınız", "Biz Sizinlə qürur duyuruq", "Allah işinizi avand eləsin", "Dar gündə dadımıza çatdınız", "Biz Sizin gələcəyinizə inanırdıq", "Azərbaycanın gələcəyinin etibarlı əldə olduğuna inanırıq və biz bunu görürük".
Prezident isə cavabında dedi: "Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq”.
Psixoloqun sözlərinə görə, təbii fəlakətlərin ətrafa vurduğu ziyan daha çox maddi, insanın psixikasına vurduğu ziyan isə mənəvi aspektdən izah olunduğu üçün birinci problemi həll etmək ikincidən daha asan başa gəlir:
“Ancaq ölkə başçısı həmişə olduğu kimi, bu dəfə də humanist iradəsi ilə hər iki problemin kompleks şəkildə həllinə nail oldu. Zərərçəkənlərin ruh düşkünlüyü yaşamasının qarşısı alındı. Zəlzələnin fəsadları aradan qaldırılır”.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.