“Mentalitet” anlayışı.

“Mentalitet” anlayışı.
Günümüzdə “mentalitet” anlayışının gənclərə psixoloji təsiri, yaratdığı seçim istisnaları, valideyn-övlad münaqişələri təbii olaraq bir çox psixoloji sindromların yaranmasına səbəb olur. Bəşər tarixi boyunca valideyn-övlad münasibətlərində problemlər olub və bu gündə yaşanır. Bəs, bu münasibətlər necə tənzimlənməlidir
Düşünürəm ki, valideyn övlad münasibətlərinin tənzimlənməsi bizim düşündüyümüzdən daha geniş əhatəyə malikdir. Amma eyni olan əlamətlər də istisna deyil. Valideynlərin övladlar qarşısında kəskin şəkildə qoyduqları qaydalar, çəkilən sərhədlər, ciddiyə alınmayan övlad istəkləri, illərdir qurulan xəyalların puça çıxması bu günün gəncliyini üzən sıxıntılardır. Mental baxış, dini dəyərlər, yaş ierarxiyasından qaynaqlanan “ məcburi hörmət”, nənə-baba istəkləri, cəmiyyət qınağı kimi faktorlar gənclik xəyallarımızın gerçəkləşməsinə mane olur. Bəlkə də bu xəyallar reallığa qovuşsa, bir gənc qız, ya da oğlan illər sonra çox yüksəklərdə olar və ata-anasının qüruruna çevrilər. Sonra çox gec olur və valideylərə sadəcə, “kaş ki” deyə təəssüflənmək qalır.
Adətən valideynlərin tələbləri belə olur. Niyə evlənmirsən, niyə işləmirsən, maaşın niyə belə azdır, yaxud da bu paltarı geyinməyə nə yaxşı icazə veriblər və sair kimi lüzumsuz suallar etik baxımdan xoş qarşılanmasa da cəmiyyətdə hər bir gəncə verilən gündəm suallardır. Hər bir gəncin beynində bu sualların cavabı və açıqlaması var. Yaşlılar gənclikdə etdikləri mənasız səhvlərini misal çəkərək, bizi hansısa bir fikirdən daşındırmağa çalışırlar. Onlar üçün biz sanki hələ də əlində süd şüşəsi, oyuncaq dalınca qaçan və sonra bezib əlimizdə nə varsa bir küncə tullayan körpələrik. Ona görə də düşünürlər ki, atdığımız hər addım, qurduğumuz hər xəyal bizi uçuruma aparır. Elə bunun nəticəsidir ki, “özgüvən yoxluğu” sindromundan əziyyət çəkirik, böyük risk almaqdan, ciddi qərar verməkdən qaçırıq. Çünki valideynlərimizin təlqin etdiyi kimi təklikdə heç nə bacara bilməyəcəyimizi düşünür, səhv etməkdən, “vaxtında mən sənə demişdim, qulaq assaydın belə olmazdı” və sair buna bənzər ittihamları eşitməkdən qorxuruq. Gənc nəslin ən böyük ehtiyacı valdeyn inamı ilə bağlıdır. Ata-anamızdan ümid, ürək-dirək verən sözlər eşitmək istəyirik.
Müasir gənclik milli-mental dəyərlərə və böyüklərə hörmətlə yanaşsa da istədikləri bir şey var – “seçim azadlığı”. Gənclər öz istək və xəyallarını, ən başlıcası öz həyatlarını mənasız yerə qurban vermək istəmirlər. Bu bir həqiqətdir ki, hər valideyn övladının yaxşılığı üçün çabalayır, onun səhvsiz yolda addımlamasını, xoşbəxt həyat yaşamasını arzulayır. Biz bunu çox gözəl anlayırıq. Amma belə strateji baxış nöqtəsinin yanlış olduğunu da bilirik. Gənc adam üçün məncə xoşbəxtlik illərnən xəyalında dolaşan arzulara qovuşmaqdır. Arzularına çatması, xəyalını gerçəkləşdirməsi üçün əngəlləri aşması, hər dəfə əldə etdiyi nailiyyətlərə baxanda mən bunu bacardım, deyə bilməsidir. Xoşbəxtlik heç də valideynlərin düşündüyü kimi hələ həyatı tam dərk etməyən, öz ayaqları üstündə durmağı bacarmayan 20 yaşlı gənci ailə qurmağa məcbur edib qucağına uşaq vermək deyil. Bu vəziyyətlə barışmayan bəzi gənclərin intihar cəhdi faktları da cəmiyyətə bir mesajdır. Başqa bir variant ümidsizliyə qapılan gəncin həyata keçirə bilməyəcəyi arzuların burulğanında fəaliyyətsiz qalmasıdır. Orta yol isə çox nadir hallarda tapılır. Alqışlanmağa layiq belə valideynlər az da olsa var. Onlar hər zaman övladlarının yanındadırlar, ona arxa, dayaqdırlar. Onların da oğul-qızları ilə bağlı valideyn olaraq öz arzu və niyyətləri var. Belə valideyn üçün önəmli olan övladının istəkləridir, onun seçdiyi yoldur. Təbii ki, bu yolda səhvlər, yanlışlıqlar, büdrəmələr, yıxılıb qalxmalar da var. Səhv etmədən doğrunu necə anlayaq, yıxılmadan qalxmağı necə öyrənək, qaranlığa düşmədən işığı necə dəyərləndirək?

«Loqos» Psixoloji və Nitq İnkişaf Mərkəzinin əməkdaşı
Fatima İmanzadə.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.