
Bu ilin martında isə mərkəzin təsis etdiyi “Loqos” jurnalının ilk nömrəsi işıq üzü görüb. Məzmunlu, eyni zamanda, zövqlə tərtib olunan nəşr çox faydalı bir işlə məşğuldur. Hər gün dünyada baş verən müharibələr, terror aktları, iqtisadi böhranlar, təbii fəlakətlərdən aldığı informasiya yükü həmin xəbərləri eşidən hər kəsdə psixoloji gərginlik yaradır. Əslində, bir sıra xəstəliklər də psixoloji amillərlə əlaqədardır. Təəssüf ki, əhalinin əksər hissəsi psixoloji müdaxilənin təsirindən xəbərsizdir. Elə buna görə də bu sahədə geniş maarifləndirməyə ehtiyac var. Yeni jurnal məhz bu məqsədə xidmət edəcək.
“Loqos” elmi-publisistik psixoloji jurnalının ilk nömrəsində ölkəmizin tanınmış ziyalılarının təbrikləri, dünya şöhrətli psixoloqlar haqqında məlumatlar, mütəxəssislərin müsahibələri, psixoloq məsləhətləri və digər materiallar yer alıb.
Jurnalın təsisçisi “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Paşayeva, baş redaktoru Rəhilə Gülgündür.