Beş fraqment Səfər təəssüratı

Xəbərlər və Təlimlər

Beş fraqment Səfər təəssüratı

14.10.2017

356

1. Baxtımın taxtı dağlar

Sürücünün dediyinə görə, Bərdədən Ağdama yarım saatlıq yol var. Amma bəs necə olur ki, bu yol məni əlli, bəlkə də əlli beş il uzaqlara aparır?

O vaxt hansı yaşda idim, indi xatırlamıram;  Bəlkə doqquz, bəlkə bir qədər çox?! Uşaqlıq yaddaşımın mənə görə kifayət qədər uzun görünən cığırlarıyla olub-bitmiş həyat təəssüratlarımın bu günlərəcən gələni də var, gəlməyəni də. Amma bir hadisə xatirimdə əlli-əlli beş il əvvəl necə vardı, indi də eləcə, olduğu qədər həyəcan dolu və canlıdır.

Yadıma gəlir, Kəlbəcərə yaylağa getmişdik. Kəndimizdən bir neçə ailə ilə bir yerdə idik. Babam qonşu kişilərlə köməkləşib Taxtabaşı deyilən yerin ətəyində, çayın qırağında alaçıq qururdu. Nənəmin başı yorğan-döşəyi yerbəyer eləməyə qarışmışdı. Bizə fikir verən yox idi. Ata-anam mövsümi işlərdən ayrıla bilmədiklərinə görə Aranda qalmışdı.  Kəlbəcərə ilk dəfə idi ki, gəlirdik. Adətən yayın qızmar vaxtlarında nisbətən bizim rayonumuza yaxın olan dağlıq yerlərdə - Qəbələnin, İsmayıllının səfalı kəndlərində dincələrdik. Babalar-nənələr yaşlanıb qızıl yel xəstəliyindən əziyyət çəkməyə başlayanda şəfanı İstisuda axtarmağa yollandılar və Kəlbəcərə axın illərlə davam elədi. Sarıyer, Ağcaqız yaylaqlarının doyulmaz həzzi indi də uşaqlıq qəsrimin ən uca bürcü olaraq qalır.

Üstünü dolu döyəcləyən keçə alaçığımız mənə doğulub böyüdüyüm evimiz qədər doğma idi. Və o alaçıqda keçən günlər üçün burnumun ucu göynədikcə bizi cənnət parçasına bənzər yurd yerlərimizə həsrət qoyan mərdimazarlara lənət oxuyuram...

2. Seldən güclü Sayalı

Öncə bələdçim səs oldu; çayın şırıltısını tutub getdim, sonra maraqdan böyümüş gözlərim o biri sahildə yan-yana düzülən alaçıqlar arasında hay-küy salıb qaçışan uşaqlarda ilişib qaldı. Ayaqlarım məni çayın iki sahilini birləşdirən ensiz taxta körpüyə çəkəndə arxadan çit donumun ətəyindən dartan balaca toppuş əli hiss eləsəm də, geri dönməyə macal tapmadım. Üzümə qəfil şillə kimi çırpılan sudan canımı qurtarmaq üçün gözlərimi bərk-bərk yumdum. Ölümdən döndüyümü, yaylığının ucu ilə gözünün yaşını silən nənəmin: - Allah sizi mənə bağışladı, - sözünün mənasını sonralar, ağlım kəsəndə anladım. "Uşağı sel apardı", deyə haray çəkən səsləri eşidirdim. Selin nə olduğunu anlamasam da, təhlükədə olduğum şübhəsiz idi. Başımın üstündəki tufan bir göz qırpımında qopduğu kimi bir anda da yatdı. Çay heç nə olmamış kimi sakitcə axırdı. Qollarım taxta körpünün məhəccərinə sarmaşıb qalmışdı. Deməli, nənəm demiş, Allahın rəhmi gəlmiş və mən xilas olmuşam. Yaxşı, bəs onda niyə adamlar çay boyu qaçır, elə hey - "uşağı sel apardı", deyib qışqırışırdılar. Heç demə, bir anda qalxıb kükrəyən çay seli balaca toppuş əlləri ilə məni qəfil fəlakətdən qorumaq istəyən qardaşımı aparırmış...

Ağdam sözünü ilk dəfə onda eşitdim. O, kişilərdən təpərli çıxdı. Əgər ağdamlı qızı Sayalı olmasaydı, qardaşımın ölüsü də ələ gəlməzdi. Köç arana dönənə qədər hər kəsin dilində bu söz bitdi. Hadisə belə olmuşdu. Dili hələ söz tutmayan kiçik qardaşım arxamca körpüyə ayaq basanda sel sularına qarışır. Gənc bir qız özünü selin qucağına atır.  Beləcə, nənəmin dediyi kimi, üç qız övladından sonra yeddi qurbanla tapılan qardaşım Mübariz Ağdamın Gülablı kəndindən olan gənc Sayalı müəllimənin hünərinə sağ qalır. Həmin il yaylaqdan yarımçıq döndük. Nənəm bərk qorxmuşdu.

Valideynlərim qardaşımın xilaskarı olan ağdamlı qızı axtarıb tapdılar. Uzun müddət get-gəl oldu. Sonra babam-nənəm dünyasını dəyişdi. Mən tələbə oldum, qardaşım əsgərliyə getdi. Əlaqələr kəsildi. Və nədənsə yaşımın bu vədəsində onun sorağına düşüb haqqında hansısa bir məlumatı səhih bilməkdən daha çox, Sayalı müəllimənin Kəlbəcər dağlarında əbədiləşən, heç zaman xatirimdən çıxmayan mərd, qorxmaz surəti ilə söhbətləşməyi üstün tuturam. Mənə görə, o, hünər rəmzidir.

İllər sonra təsadüfən rastlaşdığım yaşlı bir qadının Gülablı kəndindən olduğunu biləndə Sayalını soruşdum.

- Hansı Sayalı, - dedi.

- Müəllimədi, kənd məktəbində dərs deyir.

Qadın gülümsədi, dedi:

- Gülablıda altı-yeddi Sayalı var, hamısı da müəllimə.

Mənfur qonşularımız ağ evli Ağdamı işğal eləyəndə ürəyimə dağ basıldı, gözümün yaşı qurudu, dilim söz tutmadı lənət oxumağa. Yenə onu - qardaşımı selin ağzından qoparan cəsur ağdamlı qızı - Sayalı müəlliməni xatırladım. O sağdımı, yoxsa Ağdamın qara günlərinin dərdinə dözməyib nakam köçüb bu dünyadan, bilmirəm. On yaşımdan bu günə qədər o gənc müəllimənin xatirəsindən axıb gələn bir hiss məni dara düşən insanların harayına yetişməyə sövq edir...

3. Biz gedirik Ağdama

Ağdama səfər edən qrupa könüllü qoşuldum.

İştirakçısı olduğum bu tədbirlər silsiləsi barədə informasiya yazmaq istədim. Amma bacarmadım...

Uzun illər "Bakı" və "Baku" axşam qəzetlərinin redaktoru olan, universitetdə bizə jurnalistika  janrlarını öyrədən müəllimim Nəsir İmanquliyev  xəbər yazmağın çətinliklərindən çox bəhs eləmiş,  informasiyanı ərsəyə gətirməyin incəliklərini  öyrətmişdi. Gördüyünüz kimi,  Ağdama - Quzanlıya səfərin sonunda gördüklərimi bir informasiya yazısı çərçivəsində ifadə edəcək qədər istedadım olmadığını anladım.

İyirmi altı ildir düşmən tapdağı altında inləyən Vətən torpağının dərdini çəkirik. İgidlərimiz yurd yolunda qan-can verir, şəhid olurlar. İyrənc müharibənin acılarını Azərbaycanda hər kəs gücü, hünəri qədərincə yaşayır. Amma kimsə bu acını ev-eşiyini itirən, yurd-yuvasından didərgin olanlar kimi çəkə bilməz. Kim nə deyir desin, kimsə bu yükü yurdundan didərgin düşən, cəbhə xəttinin bir addımlığında yaşayan, səhəri səksəkə, gecəsi təşviş dolu ağdamlı, tərtərli, laçınlı, zəngilanlı, şuşalı, füzulili, xocavəndli kimi əzablı yaşaya bilməz. Bəli, müharibə, dünyanı başına alan iqtisadi böhran həyatı çətinləşdirməkdə, mənəviyyatı əzməkdə, psixologiyanı pozmaqda davam edir. Təmas xəttinə yaxın nöqtələrdə yaşayan dinc əhali isə həm də hər an erməni məkri ilə üzbəüzdür. Elə buna görə də uşaqlar ana bətnində həyəcan və təşvişlə qidalanır, gözünü dünyaya top-tüfəng gurultusu altında açır. Əlbəttə, dövlətimiz insanların müdafiəsi, normal yaşam tərzinin bərpası üçün mümkün olanı edir. Milli Ordumuz il-ildən qüvvətlənir, igid əsgərlərimizə olan güvən artır, gənclərdə vətənpərvərlik hissi güclənir. Yaxşı ki, bunlar var. Ümid olmasa, insan yaşaya bilməz, dünyaya övlad gətirməz, sabahı gözləməz.

Son illər Bakıda və bölgələrdə müasir tipli məktəb, xəstəxana, sağlamlıq müalicə müəssisələri ilə bərabər, psixoloji və nitq inkişaf mərkəzləri də insanlara xidmət göstərir. Bunun müsbət və mənfi tərəfləri var. Müharibə şəraitində, qaçqın-köçkün taleyi yaşayan bir ölkədə belə mərkəzlərin açılması yaxşı haldır. XXI əsrin psixologiya əsri kimi dəyərləndirilməsi də təsadüfi deyil. Əksər qorxulu xəstəliklərin kökündə psixoloji amilin dayanması  artıq elmi cəhətdən sübut edilib. Müasir dövr psixoloji tarazlıq, psixoloji savadlılıq tələb edir. Son illər mətbuatda, radio-televiziyada "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin adı rəğbətlə çəkilir. Bu mərkəz psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədovanın təşəbbüsü və təsisçiliyi ilə yaranıb. Dörd ilə yaxındır ki, paytaxt və bölgə sakinlərinə üç istiqamətdə: psixoloji, psixopedaqoji və loqoped xidməti göstərən Mərkəzin artıq yeddi filialı fəaliyyətdədir. Adətən gənc xanımlar biznes  fəaliyyəti üçün daha rahat, daha əyləncəli sahələri seçirlər. Zənnimcə, Təranə xanımın tutduğu yol gerçəkdən Vətənə xidmət, vətənpərvərlik örnəyidir. "Loqos" Mərkəzinin bölgələrdə apardığı təmənnasız psixoloji maarifləndirmə layihələri çərçivəsində keçirdiyi konfrans və seminarlar, təlimlər, eləcə də ayrı-ayrı rayonlarda uşaqların və yetkin insanların psixoloji durumunu öyrənmək səyləri bunu bir daha təsdiqləyir. Mərkəzin Gəncə, Lənkəran, Xaçmaz filialları əhalinin etimadını doğruldur. Bu mərkəzlər Gəncə və Gəncə ətrafı rayonlara, həmçinin Cənub və Şimal bölgəsi sakinlərinə ən yüksək səviyyədə xidmət edir.

Bakıda qaçqın-köçkün, həmçinin Qarabağ müharibəsində itkin düşənlərin ailələrinə davamlı psixoloji dəstək göstərən "Loqos" bu istiqamətdə fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə ötən həftə təmas nöqtəsinə yaxın olan Ağdama səfər etdi.  Proqrama uyğun olaraq on beş nəfərdən ibarət mütəxəssis qrupu qədim Bərdədən keçib sübh tezdən Ağdama yola düşəcəkdi.

4. Bərdədə bolluq dayanacağı

Psixoloq Elmir Əkbərin təkidi ilə onun valideynlərinin - Yusif müəllim və Aybəniz xanımın ocağına qonaq olduq. Aybəniz xanım şüyüdlü plov dəmləmişdi. Elə ətrindən doyduq. Qonaqpərvərlik, olan tikəni sevinə-sevinə bölüşmək Qarabağ camaatının heç vəchlə silinməyən qan yaddaşıdır. Bunu nə müharibə, nə də qan-qada sarsıda bilər. Qarabağ torpağının hər qarışı bərəkətdir. Yusif müəllimin həyətyanı sahəsi ev də daxil olmaqla, təxminən 0,5 hektar olar. İki mərtəbəli evin həyətinə giriş üzüm çardağı ilə başlanır. Ağ, qara giləli salxımlar uzaqdan adama gəl-gəl deyir. Məhsul boldu. Yusif müəllim, süzgəcdə taxçaya qoyulan salxımları göstərir: - Sizə görə dərmişəm, - deyir, sonra da, - tingi Salyandan gətirmişəm, Xələc sortudu, bizim torpaqda yaxşı tutur, - məlumat verir.  Kiçik sahəni əhatə eləyən meyvə bağında bir qarış belə boş yer yoxdu. Yusif müəllim burada əsl təsərrüfat yaradıb. Qarabağ torpağında sitrus meyvə görmək adamı heyrətləndirir. Portağal, naringi ağaclarının budaqları, növbənöv limon kolları barın bolluğundan az qala torpağa dəyir. Budaqlarda bir-birinə söykək olan kəhrəba rəngli armudları üzməyə adamın əli gəlmir.

- Torpaq bərəkətlidi, bu, öz yerində, amma zəhmət çəkməsən, can yandırmasan, o, sənə bar verməz, - bunu da az qala bir-birinə söykənən ağacların arası ilə ehtiyatla irəliləyən Yusif müəllim deyir. Ehtiyatlı tərpənməsi səbəbsiz deyil. Çünki hər ağacın altı ayrıca tərəvəz ləkidir. Ağaca dırmaşan saçaqlı pomidor kolundan yarı qırmızı, yarı yaşıl bir pomidoru dərib bizə uzadır:

- İndi ən yeməli vaxtıdı, -  sonra da zarafatla, - bunu qardaş qardaşa verməz, - deyir. Bostan-tərəvəzin sovulan vaxtı olmasına baxmayaraq, onun əkini yenidən çiçəkləyir. Quş iliyi, can dərmanı, nə istəsən bu bağçada taparsan. Aybəniz xanım ikinci mərtəbənin eyvanından bizi səsləyir:

- Ay Yusif, ağac, bostan qaçmır, sonra göstərərsən, hamı süfrədədi, adamlar yoldan gəliblər, qalxın yuxarıya, bir qismət çörək kəsin.

- Sən yeməkləri çək, biz də gəlirik, deyir, - Yusif müəllim. Amma o, adam sərrafıdı, təbiətə, bitkilərə olan marağımızı hiss elədiyindən bağçadan çıxmağa tələsmir.

- Torpaq bərəkətdi, torpaq nemətdi, şükür, heç nədən korluğumuz yoxdu, deyir. Allah ruzini ayağımızın altına sərib, gərək ruhun və gözün kor olsun ki, onu görməyəsən. Qar, boran olmasa, qış girənəcən pomidor, xiyar, badımcan, lobya barın verəcək. Meyvəyə, tərəvəzə pul xərcləmirik. Həyətimizin kərəvizi, nanə-cövhəri can dərmanıdı. Yay uzunu dəmləyib içirik. Qış tədarükü də öz yerində. Gəlin sağ olsun, gəlin-qaynana qoşalaşıb bağdakı meyvələrin hamısından mürəbbə bişiriblər. Kompotu, şorabası da öz yerində. Hələ Bakıdakıların da payını indidən ayırıb qoyublar. Bu limon kollarına fikir verin, görün nə qədər barı var. Bizim iqlimdə sitrusu yetişdirmək asan deyil. Hər birinə körpə uşaq kimi qayğı göstərirəm.

 Atalar deyib ki, zəhmət çəkərsən, barın yeyərsən. Düzdür, cəbhəyanı bölgələrdə yaşamağın ayrı çətinlikləri var. Bu, öz yerində. Amma ruhu sağlam adam, ürəyində təpər olub zəhmətə qatlaşan kişi ehtiyacın nə olduğunu bilməz, Elmir Əkbərin valideynləri kimi...

5. Quzanlıda izdiham

Quzanlıdakı müasir tipli Uşaq xəstəxanasının konfrans zalında Ağdam, Tərtər və Bərdə rayon sakinlərinin iştirakı ilə "Psixoloji sağlamlığımızı qoruyaq" mövzulu konfransın saat 11-ə təyin olunmasına baxmayaraq, səhər tezdən xəstəxanın geniş həyətində əsl izdiham yaşanırdı. Uşaqlar, gənclər, ailələr, yaşlılar, "Loqos"un psixoloji dəstək xeyriyyə aksiyası xəbərini eşidən hər kəs səhər tezdən xəstəxananın həyətinə toplaşmışdı. Tədbirin başlamasına iki saatdan çox vaxt qalırdı. Mərkəzin rəhbəri Təranə Məmmədova başda olmaqla, daha bir mütəxəssis qrupu yerli sakinlərlə görüşmək üçün sübh tezdən Bakıdan çıxmışdı. Proqram üzrə konfransdan dərhal sonra mütəxəssislər psixoloji və loqopedik müayinə və konsultasiyalar keçirəcəkdilər. Qırx ildən çox pedaqoji və psixoloji təcrübəsi olan, qaçqın-köçkün problemi başlanandan beynəlxalq və yerli təşkilatların layihələri çərçivəsində insanlara psixoloji dəstək verən  psixologiya üzrə fəlsəfə doktoru, "Loqos"un baş psixoloqu Elmira Mirzəyeva mütəxəssislərə həssas bölgədə ekstremal vəziyyətlə qarşılaşa biləcəkləri barədə irəlicədən xəbərdarlıq eləmişdi. Amma gecədən başlayan leysan yağışdan sonra bu qədər insanın gələcəyini təxmin etməmişdi. Amma illərin təcrübəsi öz sözünü deyir. On dəqiqə sonra artıq hər kəs öz işinin başında idi. Aktual psixoloji mövzuda çıxış edəcək psixoloq və loqopedlər insan seli qarşısında konfransı da, yorğunluğu da unudur. Sadəcə bir yol var. Müraciət eləyən hər kəsə həssaslıqla yanaşmaq, dinləmək, tövsiyə və məsləhətlər vermək. Adamları sakitliyə, nizama dəvət eləyən polis nəfərlərinin də işi asan deyil. Hamı qapıdan eyni anda və ilk növbədə keçmək istəyir. Yaşlı bir kişi əlindəki əsanı hirslə yerə döyəcləyib:

- Səhər saat altı tamamdan burdayam, bir adam qabağa keçə bilməz, - deyir və əlindəki siyahını Elmira xanıma verir. Siyahıda 500-dən yuxarı ad sıralanıb. Bütün ömrünü insanlar arasında keçirən, öz peşəsini dərindən bilən bu qadın onları necə sakitləşdirməyin yolunu yaxşı bilir. O, siyahını başının üstündən yuxarı qaldırır, bu siyahı ilə işləməyimizlə narazı olan yoxdu ki, deyib adamların rəyini soruşur. 

 Konfransa Ağdam, Bərdə və Tərtərdən məktəb psixoloqları, uşaq həkimləri, təhsil və məktəbəqədər müəssisələrin nümayəndələri dəvət olunmuşdu. Bu işin ağırlığı isə iki nəfərin - Mərkəzin rəhbəri Təranə xanımla hər kəsin ekranlardan ailə həkimi kimi tanıyıb rəğbət bəslədiyi psixoterapevt Əli Nağıyevin üzərinə düşür. Hər iki mütəxəssis səbr və təmkinlə verilən sorğuları peşəkarlıqla cavablandırır.

"Loqos" Psixoloji Nitq və İnkişaf Mərkəzinin Ağdamda - Quzanlıda olma səbəbi aydındır. Bölgədə psixoloji durumu öyrənmək və dövlət proqramı çərçivəsində bu istiqamətdə insanlara dəstək olmaq. Bəs səhərin gözü açılmamış xəstəxana həyətində növbəyə düzülən adamlar necə, onlar nə istədiklərini, niyə toplaşdıqlarını bilirlərmi? Müşahidə və söhbətlərdən aydın olur ki, onların hər birinin psixoloji və mənəvi köməyə ehtiyacı var. Paytaxtdan gələn kim olursa olsun, onlar üçün ümid qaynağdır. Görünən odur ki, bölgələrdə həqiqətən də psixoloji xidmət və marifləndirməyə ehtiyac çoxdur. Vətəndaş cəmiyyətinin inkişafına dəstək olan QHT və ictimai təşkilatların, nüfuz sahibi ədəbiyyat, incəsənət xadimlərinin bölgələrdə mənəvi-psixoloji yardıma ehtiyac duyan insanların arasında olması vicdan məsələsidir və vacibdir.

 Bütün dünya iqtisadi böhranla üz-üzədir. Hər birimizin maddi sıxıntıları var. Bəzən bir xoş söz intiharın belə qarşısını ala bilir. Tək uşaq böyüdən gənc qadının yaşaya bilməmə motivi heyrət doğurduğu qədər də sadədir.

- Vaxtında ağılsızlıq elədim, oxumadım ki, əlimdə sənətim olsun, amma saç ustası ola bilərəm, bunu bacararam, - deyir.

- Bəs niyə məşğul olmursan, bu iş elə, əsl qadın sənətidir ki?

- Qorxuram adıma söz çıxar, yoldaşım yoxdu axı.

Utana-utana əllərini göstərir. Ovucları cadar-cadar, barmaqları cızıq-cızıq...

- Niyə belədi əllərin, nə iş görürsən?

- Kəndin qırağında böyürtkən kolları var, səhər tezdən gedib yığıram, sonra da xəlvət aparıb bazarda satıram.

- Bəs niyə xəlvət, burada utanılacaq, qorxulacaq nə var ki, əlinin zəhməti ilə çörək pulu qazanırsan.

 - Adamlar pis baxır, deyirlər ki, görən bu ərsiz gəlin hardan gəlir?

- Üzünə deyən olurmu, ya da deyən varsa, uşağın ac qalanda gəlib sənə kömək eləyirmi?

Susur, cavab tapmır.

- Bəs uzaq kənddən bura necə gəlmisən, çətin olmadı ki?

- Səhər bir vedrə böyürtkən yığıb bazarda satdım ki, bura gəlməyə yol pulum olsun.

- Bəs bura niyə gəlmisən, dərdin nədi?

- Əli həkimi, Elmira xanımı televiziyadan tanıyıram, gəlmişəm ki, mənə bir yol göstərsinlər.

- Bəs, qonum-qonşunun nə deyəcəyindən qorxmursan?

Başını aşağı salıb gülümsəyir...

Axşamkı yağışdan sonra göy üzündə bir rahatlıq hiss olunur. Gün günortanı keçməyə hazırlaşır. Aralıdan dumanlı dağlar boy göstərir. Maşında mürgüləyən sürücü radionun səsini ucaldır. Böyük nəğməkar Bülbül yanıqlı səslə "Şuşanın dağları başı dumanlı" deyə zəngulə vurur. Adamların arasında gözüm Sayalı müəllimi axtarır. Yaxında olduğunu hiss eləyirəm.

Və gəlir, salam verir, əl uzadır, bayaqdan gözüm sizdədi, sanki yaxından tanıyıram sizi, deyir. Doğma adamlar kimi qucaqlaşırıq. Adım Nəsimədi, Ayaq Qərvənd orta məktəbində psixoloq işləyirəm. Gəldiyimiz, onlara dəstək olduğumuz üçün minnətdarlıq eləyir. Arzusunu dilə gətirir:

- Çox istəyərdik "Loqos"un heç olmasa, Bərdədə filialı açılsın. Bizim buna çox ehtiyacımız var. Ermənini sevindirməyə isə heç niyyətimiz yoxdu. Qarabağlının ruhunu kimsə öldürə bilməz. Başımıza od yağdıra bilərlər. Bu, onların erməni xislətidi. Amma bizi sındıra bilməzlər. Biz öz torpağımızdayıq, öz torpaqlarımız üçün qan tökürük. Çox şükür, uşaqlarımız bütün çətinliklərə baxmayaraq, dərslərdən yayınmırlar. Hər il neçə şagirdimiz yüksək balla ali məktəblərə qəbul olunur. Heç nədən qorxumuz yoxdu. Süfrəmizdə çörək kəsib, bizə xəyanət eləyən mənfur qonşular, siyasi maraqlar üçün insanlara zülm eləyənlər, bilin ki, gec, ya tez haqq öz yerin tapacaq. Biz ağdamlılar buna bütün varlığımızla inanırıq!

Gözündən nur daşan gənc qadın o idimi? Cəsur və yenilməz Sayalı müəlliməni deyirəm. Doğrudanmı, sağdı, yaşayır... Hə, o, sağdı, o, yaşayır, həm də necə olub ki, o, Kəlbəcər dağlarında balaca qardaşımı selin pəncəsindən qopardığı həmin o vaxtlardakı kimi cavan qalıb, axı mənim hesabıma görə indi onun aşağı-yuxarı səksən yaşı olmalı idi. Görünür, Sayalı ürəkli mərd, qorxmaz insanlar həm də tək deyil, çoxdurlar, həm də heç vaxt qocalmırlar.   

Rəhilə GÜLGÜN