Təranə Məmmədova: “Loqos” həyatımın ayrılmaz hissəsidir (MÜSAHİBƏ)

Xəbərlər və Təlimlər

Təranə Məmmədova: “Loqos” həyatımın ayrılmaz hissəsidir (MÜSAHİBƏ)

08.08.2018

191

Bakı, 6 avqust, SalamNews. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova SalamNews-un suallarını cavablandırıb.

Təranə xanım, psixoloji mərkəz açmaq ideyası necə yarandı?

Əslinə qalsa, bu məsələ məni həmişə düşündürüb. Uşaqlarımın nitqindəki xırda qüsurlar bütün analar kimi məni də narahat eləyirdi. Səlis və aydın nitq mənə görə çox önəmlidir. Bilirsiniz, balacaların çoxu r səsini adətən l kimi səsləndirir. Bəzən bu valideynlərin xoşuna gəlir, çünki balacanın danışığını bir növ şirinləşdirir. Çoxları bunu problem kimi qəbul eləmir, amma bu, siqnalıdır və problem dərinləşmədən qarşısı alınmalıdır. Və mən də uşaqlarının hərtərəfli inkişafına can atan valideyn olaraq qüsuru vaxtında aradan qaldırmaq üçün evə loqoped çağırdım. Uzunmüddətli korreksiyadan sonra istədiyimizə nail olduq, amma mütəxəssisin peşəkarlığı məni qane eləmədi. Elə o vaxtdan bu işlə ciddi məşğul olmaq ideyası beynimdə özünə yer elədi. Yeri gəlmişkən yeniyetmə yaşlarımda gördüyüm bir yuxunu xatırlatmaq istərdim.

Mən Tovuz rayonunda anadan olmuşam, uşaqlıqda atamın doğulub böyüdüyü kəndə tez-tez gedərdim. Oranın hər qarışına bələdəm. Yuxuda gördüm ki, Tovuza gedirəm və şəhərin girəcəyində qarşıma nurani bir qadın çıxır və mənə belə deyir: – Qızım, sən böyüyəndə ailələrə, uşaqlara kömək edəcəksən. Fərqinə varmadım, yuxudur, deyə düşündüm, həm də o yaşda mənasını anlaya bilməzdim. Qəribədir, illər sonra üçüncü övladım dünyaya gələndə eyni yuxunu təkrar gördüm və bunun bir işarət olduğunu anladım. Belə düşünürəm ki, bu bir tale məsələsidir və “Loqos” mənim həyatımın ayrılmaz hissəsidir.



Saytımızın oxucularına “Loqos”un fəaliyyəti və gördüyü işlərlə bağlı məlumat verməyinizi istərdik.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətə başlayıb. O vaxt 3 otaqdan ibarət yığcam binada 3 nəfərlə işə başladıq. Məqsədimiz ilk mərhələdə paytaxtda yaşayan, psixoloji və laqopedik dəstəyə ehtiyacı olan uşaqlara xidmət etmək idi. Hazırda “Loqos”un 10 filialı üç istiqamətdə, həm də yaş məhdudiyyəti olmadan psixoloji, psixopedaqoji, loqopedik sahələrdə yüksək səviyyəli kompleks iş aparır. Təşkilatımızın yaşı az olsa da fəaliyyət istiqamətləri çoxşahəli, coğrafiyası kifayət qədər genişdir.

Bakıda, şəhərin fərqli istiqamətlərində, insanlar üçün gediş-gəlişi asan olan ünvanlarda beş filialımız var. Təcrübə qazandıqca, yerlərdə insanlarla təmaslar qurduqca gördük ki, ölkənin hər bölgəsində həm psixoloji xidmətə, həm də psixoloji maarifləndirməyə ciddi ehtiyac var. Təbii ki, hər rayonda psixoloji mərkəz açmaq bizim imkanımız xaricindədir. Ona görə də işimizi elə qurduq ki, hələlik böyük şəhərlərdə mərkəzlər yaradaq. Hazırda Gəncə də iki filialımız Gəncə ətrafı Şəmkir, Tovuz, Goranboy, Göygöl və digər rayonların sakinlərinə ən yüksək səviyyədə xidmət göstərir. Lənkəran filialı Cənub bölgəsi, Xaçmaz filialı isə Şimal bölgəsi sakinlərinin xidmətindədir. Biz ədalətsiz müharibənin sarsıntılarını yaşayan ölkəyik. Qaqçqın, köçkün taleyi yaşayan, əzizləri döyüş meydanında şəhid olan, illərdir itkin doğmasının yolunu gözləməkdən yorulmayan, birbaşa düşmən atəşi altında cəbhəyanı bölgələrdə dözülməz həyat yaşayan soydaşlarımızın, onların övladlarının psixoloji durumu həmişə diqqətimizdə olub. Ağdam sakinlərinin daha çox sıx yaşadığı Quzanlıda əhali ilə görüş və söhbətlərimiz məhz bu əraziyə daha yaxın bir məkanda yeni filial açmağı zəruriləşdirdi. Hazırda Bərdə filialı insanların pənah gətirdiyi ünvanlardan biridir.“Loqos” artıq böyük bir ailədir və bu ailənin üç yüzdən çox üzvü var. Dörd il yarımda dövlətin psixoloji sahədəki proqram və göstərişlərini əsas götürərək, çox iş görmüşük. Əsas prioritetimiz yüksək xidmət və maarifləndirmədir. Kadr hazırlığı məsələsi həmişə diqqət mərkəzindədir. Çünki psixologiya həm yeni, həm də son dərəcə həssas sahədir. Söhbət insanın mənəvi-psixoloji sağlamlığından gedirsə, bu yerdə daha həssas yanaşma tələb olunur. Ümumiyyətlə, görülən və görüləsi işlərimiz yetərincədir. Vaxtaşırı ayrı-ayrı mətbuat orqanlarında, radio-televiziyalarda, virtual məkanlarda uğurlarımızdan, yeniliklərimizdən söz açılır.

Yəqin ki, 10 filial hələ son hədd deyil.

Elədir. Bizə regionlardan müraciətlər gəlir. Şəki, Mingəçevir, Cəlilabad rayonlarından müraciətlər daha çoxdur. Biz bunların üzərində işləyirik. Dərbənddən təklif almışıq. Bilirsiniz, “Loqos” vaxtaşırı rayonlara səfərlər edir, maarifləndirici layihələr həyata keçirir, ehtiyac olan yerlərdə mütəxəssis heyyətimiz təmənnasız psixoloji konsultasiyalar aparır, psixoloji durumun səviyyəsini araşdırırlar. İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə böyük mütəxəssis qrupu ilə Dərbənddə olduq. Dərbəndli dostlarımız uşaqlar üçün çox möhtəşəm bir bayram təntənəsi düzənləmişdilər. Biz də “Loqos” olaraq fasiləsiz yeddi saat ödənişsiz konsultasiyalar apardıq. Xidmətimiz yüksək səviyyədə dəyərləndirildi. Bunun nəticəsidir ki, Dərbənd sakinləri “Loqos”un daha bir filialının orada açılmasını arzulayırlar. Təbii ki, bütün bunlar kollektivimizi daha yaxşı işləməyə ruhlandırır.


Bakıdakı filiallarda müraciət edənlərin rahatlığı üçün mükəmməl şərait var. Bəs bölgələrdə vəziyyət necədir necə?

“Loqos” adı altında möhkəm və sarsılmaz bir kollektiv var. İstinad nöqtələrimizin harada olmasının fərqi yoxdur. Hər yerdə ilk işimiz öncə bizə kömək üçün əl uzadanların rahatlığını təmin etməkdir. Həm paytaxtda, həm də rayonlardakı filiallarımız bir neçə mərtəbəli, təmirli, hər cür avadanlıqla təchiz olunan müasir tipli binalarda yerləşir. Foyelərdə qəbula gələnlərin rahatlığı üçün yüksək şərait var. Qəbul şöbəsində çalışan xanımlar müraciət edən hər kəsə xüsusi həssaslıqla yanaşır, sorğuları cavablandırır, onları uyğun istiqamətə yönləndirirlər. Mərkəzin bütün filiallarında müalicəvi idman və masaj otaqları var. Baxmayaraq ki, kollektivizin böyük əksəriyyəti gənclərdir, amma onların hər biri öz işinin ustasıdır.

Qarşıya qoyduğunuz hədəfə çata bilmisinizmi ?

Belə hesab edirəm ki, “Loqos” adlı bir qurum artıq kifayət qədər öz uğurları ilə tanınır, insanlar bizə inanır, etimad göstərir, amma bu bir başlanğıcdır. Görüləcək işlər çoxdur. Biz hələ qarşıya qoyduğumuz hədəfə doğru gedirik. Bir-iki il əvvəl böyük əksəriyyət psixoloqun kim olduğunu, nə iş gördüyünü bilmirdi. İnsanı dava-dərmansız, sözlə sağaltmaq adamlara inanılmaz görünürdü. Bu gün mənzərə tamamilə dəyişib. Əvvəllər yalnız analar, ya da nənələr kiçik yaşlı uşaqları psixoloq, yaxud loqoped yanına gətirirdi. Problemi həll eləmək üçün həkim qapısı döyənlər, türkəçarəyə əl atanlar son anda çarəsiz qalıb bizə üz tuturdu. Çox az sayda yetkin insanlar bizə müraciət edirdi. Ətrafın, qonum-qonşunun nə deyəcəyindən çəkinirdilər. Hazırda hətta bölgələrdəki filiallarımızda bu istiqamətdə müsbət dönüş var. Maarifləndirmə proqram və layihələri insanlara çox fayda verir. Bu istiqamətdə işimizi daha böyük masştabda davam etdiririk. Sağlam və güclü kollektiv, bir də istək olunca hər işin öhdəsindən gəlmək olar.
Oxuculara tövsiyyəniz…

Sözüm öncə valideynlərədir. Hər uşaq bir şəxsiyyətdir, millətin, xalqın gələcəyidir. Sağlam uşaq sağlam gələcəkdir. Dünyaya övlad gətirən valideyn bilməlidir ki, onun şəxsiyyət kimi formalaşması, mənəvi-psixoloji sağlamlığı ilk növbədə ailə mühitindən asılıdır. Bu gün Azərbaycanda uşağının davranış pozuntusundan, diqqət əksikliyindən, inkişaf geriliyindən əziyyət çəkən kifayət qədər ata-ana var. Bəzən elə olur ki, kəkələmə problemi, yaxud başqa nitq qüsuru, yaxud da psixoloji problemi, məsələn, qorxusu olan uşaq aylarla dərman müalicəsi alır və nəticə etibarilə problem get-gedə dərinləşir.

Əziz valideynlər, unutmayın hətta ən ağır xəstəliklərin belə kökündə psixoloji sarsıntı və gərginliklər dayanır. Odur ki, böyüyəndə keçib gedəcək deyə, uşağınızın probleminə laqeyd yanaşmayın, zamanında psixoloqa müraciət edin. Müasir dünyamız streslərlə doludur. Ailədə, cəmiyyətdə baş verən neqativ hallar uşaq psixologiyasına mənfi təsirini göstərir. Əgər bunun qarşısı vaxtında alınmasa, gələcəkdə daha ciddi problemlərə gətirib çıxarda bilər.

Təranə xanım, mətbuatla qarşılıqlı əlaqələr istiqamətində ciddi addımlar atırsınız, layihələr həyata keçirirsiniz. Bu, həm də o deməkdir ki, mətbuatı ciddi şəkildə izləyirsiniz. Müasir media ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

Söhbətimizin əvvəlində qeyd elədim ki, psixoloji amil həssas yanaşma tələb edir. Bunu mətbuata, informasiya orqanlarına da şamil etmək olar. Açığını deyim ki, bəzi saytların informasiyalarında demək olar ki, insan amili unudulur. Qorxunc məlumatların psixologiyaya hansı təsir göstərəcəyi sanki xəbər yazan mətbuat işçisini qətiyyən düşündürmür. İnformasiya xarakterli yazılarda çıxan məlumatlarla bağlı jurnalistlərimiz daha da diqqətli olmalıdırlar.
Mən hər zaman jurnalistlərə, həmçinin ictimaiyyət nümayəndələrinə bildirirəm ki, dəqiq və əsası olmayan hadisə və məlumatlar haqda rəy vermək müsbət hal deyil. Biz psixoloqlara görə münaqişənin iki tərəfi var. Yəni, hər iki tərəfi dinləməsələn doğru qərar verə bilməzsən. Hazırda bizim bəzi media qurumlarında belə bir tendensiya var. Şok yaradan, hansısa qətlə, intihara, rezonans doğuran xəbərlərə çox yer verilir. Sanki belə xəbərlərə alışdırırlar. Bu tipli xəbərləri oxuyanlarda neqativ enerji formalaşır və ümumilikdə insan psixologiyasına, cəmiyyətə mənfi təsirini göstərir. Fikrimcə, bu düzgün yanaşma deyil və bu problemin həlli istiqamətində müvafiq qurumlar addımlar atmalıdırlar.Son illərin intihar xəbərlərinə diqqət edək. Bəzi saytlar, qəzetlər intihar hallarını sanki şad xəbər verirmiş kimi çatdırır. Özünəqəsd haqqında xəbərlərin sayı çoxaldıqca, sanki intiharların da sayı artır, bu kimi hallar insanların gözündə adiləşir. Zənnimcə, sensasiya xarakterli xəbərlərin nəzərə çarpacaq dərəcədə artması cəmiyyətin ziyanınadır. Ortada insan amili var. Mətbuat belə məsələlərə son dərəcə ciddi və həssaslıqla yanaşmalıdır. Bir də görürsən, hər hansı bir sayt reytinqini yüksəltmək üçün cinsi təcavüzə məruz qalan yeniyetmə qız haqqında xəbərlərlə gündəmə gəlir. Həm də açıq şəkildə. Ünvan bəlli, yaşadığı məkan aydın. Təsəvvür edin, təcavüz şokunun üzərinə bir də reytinq hayında olan “üzdəniraq” medianın zərbəsi gəlir. O, yeniyetmə qızın, onun ailəsinin hansı vəziyyətə düşməsi, necə yaşayacağı xəbəri yayan mənbəyi qətiyyən düşündürmür. İstərdim ki, media bu kimi həssas məsələlərdə son dərəcə diqqətli olsun. Bizim dəyərli ziyalılarımız, elm, mədəniyyət xadimlərimiz, ən nəhayət Azərbaycanın ciddi media orqanları, peşəkar jurnalistlər və bu sahə ilə bağlı dövlət qurumları öz sözünü deməlidir. Məncə, gənc jurnalistlər həm də psixoloji hazırlıq dərsləri keçməlidirlər, psixoloji mövzuda yazan peşəkar jurnalistlərə bu gün böyük ehtiyac var.

“Loqos”un “Vətəndaş cəmiyyətinin psixoloji maarifləndirilməsi və media” layihəsi kifayət qədər rezonans yaratdı.


Bizim əsas prioritetlərimizdən biri psixoloji maarifləndirmədir. Söhbətimizin əvvəlində bu məsələyə toxunduq. “Loqos” olaraq istənilən psixoloji mövzuda kurslar, seminarlar, təlimlər keçirir, əhalini məlumatlandırmağa çalışırıq. Bu işdə mətbuat bizim ən yaxın əməkdaşımızdır. Radio-televiziyalarda, qəzet və jurnallarda, ciddi saytlarda gördüyümüz işlər barədə vaxtaşırı informasiyalar gedir, peşəkar mütəxəssislərimizin psixoloji mövzuda məqalələri dərc olunur, kitabça və broşurlar nəşr etdirərək yayırıq. Məqsədimiz işimizin təbliğindən ibarət deyil. Əsas məram psixoloji maarifləndirmənin əhatə dairəsini genişləndirmək, vətəndaş cəmiyyətinin inkişafına kömək göstərməkdir. Bir qədər əvvəl mətbuatda yer alan bəzi sensasiyalı xəbərlərin insan psixologiyasına neqativ təsirindən danışdıq. Yəqin siz də etiraf edərsiniz ki, hazırda psixoloji mövzuda yazan jurnalistlər demək olar ki, yoxdur, varsa da barmaqla sayılacaq qədərdir. Amma cəmiyyətimizinpsixoloji sahənin dərinliklərini bilən və bu istiqamətdə yazan jurnalistlərə ehtiyacı var. Biz də bir addım atdıq, media ilə yeni layihə başladıq. Gənc jurnalistlərə müraciət etdik. İlk mərhələdə maraq göstərənlər az oldu. Təlimlərimizə qatılan gənc yazarlar nəticədən çox razı qaldılar. Layihə çərçivəsində beş təlim keçirildi. Üçü Bakıda, ikisi bölgələrdə. Psixoloji sahəyə maraq göstərən layihə iştirakçıları iyun ayında Gəncə və Xaçmaz filiallarımızın fəaliyyəti ilə yaxından tanış oldular, bir-birindən maraqlı təlimlərdən bəhrələndilər. Artıq təlimlər başa çatıb, amma layihə davam edir. Qarşıda əsas mərhələ- müsabiqə mərhələsi var. İştirakçıların psixoloji mövzuda yazıları münsiflər heyyətinə təqdim olunub. Müsabiqə şərtlərinə əsasən ən yaxşı üç yazı “Loqos”un pul mükafatını alacaq və həmin yazılar mətbu orqanımız “Loqos” jurnalında və “525-ci qəzet”də dərc olunacaq. İmkandan istifadə edib bu layihədə bizə mənəvi dəstək olan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğluna, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə və Əməkdar Mədəniyyət İşçisi, şair Vaqif Bəhmənliyiə kollektivimiz adından minnətdarlığımı bildirirəm.
Sevindirici haldır ki, bu layihə ilə bağlı müraciətlər artır.Onlar psixoloji mövzunun dərinliyinə varmaq, bu sahədə peşəkarlıq səviyyələrini artırmaq üçün təlimlərimizdə iştirak etməyi arzulayırlar. Bu yaxşı haldır və güman edirəm ki, bu layihə davamlı olacaq. Arzulayanlar “Loqos”a müraciət edə bilərlər. Bir daha xatırladıram ki, “Loqos”un qapıları ciddi və qərəzsiz mətbuata hər zaman açıqdır.

Təşəkkür edirik müsahibəyə görə

Çox sağolun!