Az yaşlı uşaqlarda hafizənin inkişafı

Məqalələr

Az yaşlı uşaqlarda hafizənin inkişafı

14.12.2016

553

    Uşaqlarda hafizə və qavramanın inkişafında ictimai mühitin eləcə də, tərbiyənin rolu böyükdür. Ailə, sosial mühit uşağın düşünmə qabiliyyətini, əqlini inkişaf etdirir.Cəmiyyətdən kənarda,  heyvanlar arasında böyüyən uşaqların timsalında bunu daha aydın görmək olar.Körpələrin canavar, ayı, meymun, hətta bəbir və qoyun tərəfindən əmizdirilərək böyüməsi faktları məlumdur. Hollandiya, Macarıstan, Fransa, İrlandiya və s. ölkələrdə təxminən 30-a yaxın belə hadisə qeydə alınıb. Heyvan mühitində uşaqlarda təbii olaraq şüur inkişaf etmir, əqli geriliklə bərabər onlarda insan kimi yerimək və danışmaq vərdişləri formalaşmır.

   1754-cü ildə fransız filosofu E.Kondilyak ayılar arasında böyümüş bir oğlanı təsvir edir.Vəhşilər arasında böyüyən adam ayılar kimi yeyir, onlar kimi yatır. Uzunmüddətli adaptasiya prosesindən sonra düşünmə qabiliyyəti bərpa olan və danışmağı öyrənən meşə adamının əvvəlki həyatı barədə heçnə xatırlamadığı bəlli olur.

  1920-ci ildə hindistanlı doktor Sink canavar yuvasından canavar balaları ilə birlikdə iki qız uşağı çıxarır. Onlardan birinin 2, digərinin 6-7 yaş arasında olması müəyyənləşir. Heyvan mühitindən təcrid edilən kiçik qız bir neçə gün sonra ölür,  digəri isə 10 il yaşayır.Doktor Sink gündəliyində böyük qız Ratxanı təsvir edərək yazır: o canavarlar kimi dörd ayağı üstündə gəzir, suyu yalayaraq içir, qabdakı qidaya toxunmur, yalnız yerə atıldığı zaman yeyir, dişlərini qıçayır, gecələr ulayır, paltar geyinmək istəmir. Raxta iki ildən sonra yeriməyi öyrənsə də qaçmaq məqamında, yenə dördayaqlı kimi qaçır. O, 4 ildə 6 söz,  6-7 ildən sonra isə cəmi 45 söz öyrənə bilir.17 yaşda əqli inkişafı 4 yaşlı uşaq səviyyəsində olur.Göründüyü kimi hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq insan orqanizmi anatomik cəhətdən bu və ya digər dərəcədə inkişaf edir, şüurlu inkişaf isə yalnız insan cəmiyyətində, sosial mühitdə formalaşır. Hafizə və qavrama prosesi ailə tərbiyəsi və sosial mühitin təsiri altında inkişaf edir. Bu məsələdə əsas qayğı valideynlərin üzərinə düşür. Valideyn uşağın gündəlik fəaliyyətinə istiqamət verməklə qarşısına müəyyən tələblər qoyur, yaddasaxlama vasitələrini öyrədərək hafizəsini möhkəmləndirir.

  Nəzərə almaq lazımdır ki,  uşaqlarda hafizənin inkişafı müxtəlif yaş dövrlərində fərqli formalarda gedir. Buna görə də ata-analar,  eləcə də ailənin digər yaşlı üzvləri, yəni balacanın tərbiyəsi ilə əlaqəsi olanlar ümumi qanunauyğunluqlardan istifadə edərkən müxtəlif yaş dövrlərində uşağın hafizəsində əmələ gələn xüsusiyyətləri də nəzərə almalıdır. Bu xüsusiyyətlər müxtəlif yaş dövrlərində özünəməxsus formalarda təzahür edir.

   Hafizə uşaqlarda ilk dəfə tanıma formasında müəyyənləşir. 4-5 aylıq körpə ona qulluq edən adamı-anasını tanımağa başlayır. 6 aylığında tanıma nisbətən mürəkkəb xüsusiyyətlərlə təzahür edir, körpə anasının səsini uzaqdan eşitdikdə tanıyır, ona tərəf baxır, əllərini ona sarı uzadır, qığıldayır, üzündə, hərəkətlərində sevinc hissləri nəzərə çarpır və s.

   Onu da qeyd etmək lazımdır ki, ana obrazı istisna olmaqla körpənin gördüyü cismləri tanıması qısa müddətli xarakter daşıyır.Yəni o, üç gün əvvəl gördüyü hər hansı fiquru tanıya bilmir.Tanıma müddəti tədricən çoxalır. 2-yaşlı körpə bir neçə həftə, 3 yaşlılar bir neçə ay,  4 yaşda 1 il, 7 yaşlı uşaq isə 3 il əvvəl gördüyü cisim və hadisələri yadına sala bilir.

  Tanıma ilə bərabər yadasalma prosesi də inkişaf edir. Bir yaşlı uşaqdan müəyyən oyuncağın harada olduğunu soruşduqda baş işarəsi ilə göstərir. 2, 3, 5-yaşlı uşaqlar bilavasitə maraqlı və əhəmiyyətli olan hadisələri yaxşı yadda saxlayırlar. Hafizə 3 yaşından etibarən böyük sürətlə inkişaf etməyə başlayır. Bu dövrdə iki amil əsas rol oynayır.Uşağın ana dilinə yiyələnməsi əsas faktordur. Nitq onun ətraf mühit haqqında biliklərini genişləndirir, təsəvvürlərin möhkəmlənməsində böyük rol oynayır.

  Üç yaşlı uşaq mənasını dərk etmədiyi şeiri asanlıqla əzbərləyir. Onu sözlərin ahəngdarlığı cəlb edir. Bu yaş dönəmi hafizənin inkişafında xüsusi əhəmiyyət daşıdığı üçün valideynlər son dərəcə həssaslıq göstərməli, uşağın fərdi inkişafı ilə bağlı mütəxəssisdən məsləhət almalıdırlar. Hər bir uşaq xarakterinə, inkişaf dərəcəsinə uyğun olaraq fərdi yanaşma tələb edir. Bağça yaşlı uşaqlar şeir əzbərləməklə yanaşı,  əbədi-bədii əsərləri dinləməyə də xüsusi maraq göstərirlər. Onlar,özlərini qəhrəmanın yerində hiss edir, onun halına acıyır, düşüdüyü çətinlikdən çıxmasını arzulayırlar. Tamaşanı seyr edən balaca onun məzmununu yadında saxlamağa cəhd edir. Səhnələşdirilmiş hekayədəki hadisələr, qəhrəmanların hərəkətləri ona maraqlı gəlir. Bu məqamda artıq səsin ahəngdarlığı ilə bərabər məzmun da ön plana keçir.

  Ana-ata üç yaşlı övladına yatmazdan qabaq nağıl danışır. Bir çox halda balaca ertəsi gün həmin nağılı xatırlamır. Adətən valideynlər, hələ nə yaşı var ki, bir az böyüsün yadında qalacaq, deyə bu məqama əhəmiyyət vermirlər.Yaxşı olar ki, uşağa kitabdan hər hansı nağılı, yaxud hekayəni oxumazdan əvvəl valideynlər təsvir olunan şəkilləri göstərərək ona qəhrəmanlar və hadisələr barədə məlumat verib ardınca nağılı danışsınlar. Nağıl danışarkən rola girmək də çox əhəmiyyətlidir. Məsələn, “Qırmızı papaq” nağılında ananın tapşırığını mülayim səslə, qurdun qırmızı papaqla danışığını nisbətən kobud şəkildə, balaca qızın ona cavablarını incə, bir qədər də həyəcanlı səslə oxuduqda uşaqda müəyyən hisslər yaranır, hadisə onu daha çox maraqlandırır. Şəkillərlə izahlı danışmaq uşağa nağılın məzmununu daha tez qavramağa, hadisələri daha aydın şəkildə görməyə kömək edir. Bu halda balaca nağılın məzmununu daha yaxşı yadda saxlayır.

  Əgər ailədə 3-7 yaşlı uşaq varsa, nağılı səhnələşdirmək daha effektli olar. Müşahidələr göstərir ki, nağıl və ya şeir səhnələşdirdikdə kiçik yaşlılar onu asanalıqla yadda saxlaya bilir. Adi halda 3 sətir əzbərləyə bilən uşaq şeir səhnələşdirildikdə eyni vaxtda 23 sətir əzbərləyir. Çünki, belə halda uşaq sadəcə izləyici olmur, həm də hadisənin birbaşa iştirakçısına çevrilir. Bütün bunlar isə yaddasaxlamanın effektivliyini artırır, surət hafisəzi ilə yanaşı, sözlü-məntiqli hafizəni formalaşdırır.

   Bağça yaşlı uşağın hafizəsinin inkişafı və tərbiyəsində ikinci  əsas amil oyundur. Oyun zamanı uşağın hafizəsini inkişaf etdirmək üçün geniş imkan vardır.Təbii olaraq istənilən oyun zamanı yadda saxlama mexanizmi işə düşür . Oyun prosesində uşaq müxtəlif əşya və cisimlərlə kontakda olur və onların adını öyrənir, forması, rəngi barədə informasiyanı yaddaşına köçürür.

  Bəzən valideynlər nisbətən mürəkkəb oyun qaydasını dəfələrlə təkrarlayır amma uşaq ardıcıllığı yadda saxlamaya bilmir. Qaydalar oyunla əlaqələndirildiyi halda balaca heç bir çətinlik çəkmədən ardıcıllığı mənimsəyir. Buna görə də valideynlər yaş faktoru nəzərə alınmaqla uşaq oyunlarının seçilməsinə və düzgün təşkilinə xüsusi  fikir verməlidirlər.

    İki fərqli münasibətə diqqət yetirək.

-Aygün gəlinciyinə bərkdən laylay çalır, amma o yatmır ki, yatmır . Anası ona acıqlanır: Bəsdir, səsini kəs, başım ağrıdı. Qız əvvəlcə tərs-tərs anasına baxır, sonra da gəlinciyin saçını-başını yoluşdurub otağın bir küncünə fırladır. Ana onun üstünə qışqırır:

-Nədi yenə, “keçilərin “ gəldi?- tez ol, tökdüklərini yığışdır, bir də sənə heç nə almayacam.

  Bu sözü eşidən qız daha da inadlaşaraq hirslə döşəməni döyəcləyir.

   İkinci halda qızının gəlinciklə münasibətinə fikir verən ana belə deyir:

-Aygün, qızım, bəlkə  su istəyir, ya da altı narahatdır. Gəl biz onun bələyini dəyişdirib sonra çay verək. Aygün anasının dediyi kimi eləyir.Gəlinciyini rahatlayıb ehtiyatla beşiyinə qoyur, üstünü örtüb laylay çalır. Anası soruşur :

-Gəlinciyin yatdımı, günəşim?

-Yatdı, anacan.

-Lap yaxşı, qoy yatsın, sən də gəl, oyuncaqlarını səliqə ilə yığ, sonra birlikdə çiyələkli piroq bişirək.

  Aygün oyuncaqlarını qutuya yığandan sonra kömək üçün anasının yanına qaçır.

  Birinci vəziyyətdə uşaq psixoloji zədə alır, ikinci versiyada ana uşağa oyun prosesində həyatı dərk etmək üçün şərait yaradır. Həmçinin uşaq oyun zamanı körpəyə qulluq etmək, səliqə-səhman yaratmaq vərdişlərinə yiyələnir və proses onun yaddaşına yazılır.

  Valideynlər faydalı oyunlar vasitəsilə uşaqlarının fərdi inkişafına, yaddaşının güclənməsinə, hafizəsinin möhkəmlənməsinə təkan vermiş olurlar.

   Beş-altı yaşlarda uşaqlar ata-analarının sadə tapşırıqlarını yerinə yetirir, əmək prosesinin iştirakçısı olurlar. Məsələn, qızlar süfrə bəzəməklə analarına, oğlanlar isə kişilərin görəcəyi işlərdə, atalarına kömək edirlər. Bu proseslər zamanı həm iş vərdişləri  yaranır,  həm də icra edilən tapşırıqlar fonunda yaddaş, hafizə və düşünmə qabiliyyəti inkişaf edir.Toxunduğu cism və əşyalar, rastlaşdıqları hadisələr surət hafizəsinə təkan verir. Kiçik yaşlı uşaqlarda hafizə əsasən qeyri-ixtiyari xarakter daşıyır.

  Hər bir cisim və hadisə bağça yaşlı uşağın diqqətini cəlb edir, onu maraqlandırır. O “nə üçün” , “ niyə” sualları ilə ata-anaya müraciət edir. Bu halda uşağın sorğuları valideyn tərəfindən təmkinlə, həm də əhatəli şəkildə cavablandırmalıdır.Bu uşağın xarici aləm, ətraf mühitlə bağlı bilgilərini zənginləşdirməklə bərabər hafizəsini də möhkəmləndirəcək.

  Dərketmə hafizəsinin inkişafında böyük rol oynayır. Məktəbəqədər yaş dövründə balacaları oxuyub öyrənməyə həvəsləndirmək, eləcə də qavrama səviyyələrini yoxlamaq üçün onlarla gördükləri şəkil, səhnəcik və ya filmlər barədə sorğu-sual aparmaq, hadisəyə münasibətlərini öyrənmək lazımdır.Məsələn, ana cizgi filminə tamaşa edən övladına deyə bilər ki, deyəsən, maraqlı filmdir, mən də səninlə bərabər baxmaq istərdim, ama yemək bişirirəm. Oğlum, sən sonra mənə danışarsanmı ? Belə olan halda uşaq diqqətini daha çox cəmləyib hadisə və obrazları yadda saxlamağa cəhd edəcək.

  Təxminən 4-5 yaşlarından uşaqlarda ixtiyari hafizə inkişaf etməyə başlayır. Bu dövrdə fəaliyyət dairəsi nisbətən mürəkkəbləşir.Uşaq özünə xidmət prosesində daha fəal iştirak edir, müxtəlif suallarla yaşlılara müraciət edərək onların nə iş gördüklərini öyrənməyə cəhd edirlər.

  Bütün bunlar uşağı müəyyən tapşırıqları yerinə yetirmək üçün gələcəyə doğru yönəldir, onu gördüklərini yada salmağa və bu barədə danışmağa sövq edir. Beləliklə, valideyn uşaqda ixtiyari yaddasaxlamanın inkişafı üçün şərait yaradır və onu təlimə hazırlamış olur.

 

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin
Psixoloqu:İlkin Kazımlı