“KIÇIK YAŞLI UŞAQLARDA MƏKTƏB HƏYATINA ADAPTASIYA”

Məqalələr

“KIÇIK YAŞLI UŞAQLARDA MƏKTƏB HƏYATINA ADAPTASIYA”

15.10.2016

494

Yeni dərs  ilinin başlanmasından xeyli vaxt ötsə də bir çox valideynlər hələ də uşaqlarının məktəbə getmək istəməməsindən şikayətlənir və məsləhət almaq istəyirlər.  “Loqos”un psixoloqu Çiçək Allahverdiyevanın  “KIÇIK YAŞLI UŞAQLARDA MƏKTƏB HƏYATINA ADAPTASIYA”ilə bağlı yazısını təqdim edirik.

Adaptasiya  psixologiya elmində ən mühüm anlayışlardan biridir. İnsanların mühitə, cəmiyyətə, iqlimə, yaşadığı həyat şəraitinə uyğunlaşması və uyğunlaşma bacarığı onun sonrakı fəaliyyət və münasibətini tənzimləyən, eləcə də şərtləndirən mühüm bir psixoloji prosesdir. Uşaqların həyatında adaptasiya mühüm amillərdən  biridir. Bu proses uşaqlarda nəinki əqli fəaliyyətin səmərəliliyinə, eyni zamanda, onların emosional-iradi inkişaflarına da ciddi təsir edir.

Məktəb həyatına uyğunlaşma  çətin  mərhələdir. Kiçik məktəb yaşlı uşaqların həyatında tədris ilinin ilk mərhələsi mühüm əhəmiyyət kəsb edir. Uşaq yeni həyata qədəm qoyur, yeni münasibətlərə və təlim prosesinə uyğunlaşma formalaşmağa başlayır.  Təbii olaraq bu dönəm valideynlər üçün də asan keçmir.Uşağın bu münasibətlər sisteminə adaptasiyasını mümkün qədər asanlaşdırmaq üçün onun psixoloji və fizioloji vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır. Həmişə valideyn himayəsində olan uşaq birdən-birə ailədən qopur və stress yaşayır. Digər tərəfdən təlim prosesinə asanlıqla alışa bilmir. Çünki uşağın məktəb təliminə başlaması onun qarşısında bir sıra məsələlər qoyur. Bu məsələlərin həlli isə uşaqdan yüksək əqli fəaliyyətin mərkəzləşdirilməsini tələb edir. 40-45 dəqiqə davam edən dərsdə  sakit oturmaq, diqqəti mərkəzləşdirmək və emosiya bildirməmək onlar üçün çox çətindir. Yeni kollektiv, sinif yoldaşlar, müəllimləri ilə tanışlıq  və  ünsiyyət göründüyü qədər də asan deyil.

Uşağın məktəb prosesinə uyğunlaşması, yeni şəraitə adaptasiyası üçün müəyyən vaxt lazımdır. Adaptasiya dövrünü uğurla keçən uşaq təlim prosesinə çox asanlıqla uyğunlaşır. Təcrübələr göstərir ki, bir çox hallarda hətta yüksək intellektə sahib olanlar belə adaptasiya prosesinə uğurla başlamırlar.

Adaptasiya müddəti 6 yaşlı uşaqlarda daha ağır formada olur. Şəxsiyyətin formalaşmasının 7 yaşdan sonra başladığını nəzərə alsaq, deyə bilərik ki, uşaqların inkişafında sosial adaptasiyada  çətinliklər  psixoloji qanunauyğunluqdur. 6 yaşlı uşaq məktəb rejimini, məktəb davranışını qəbul edə bilmir.   Bu halda valideynlər oyun fəaliyyətindən təlim fəaliyyətinə keçməkdə yaxından kömək etməlidirlər. Xüsusən hiperaktiv uşaqlarda  adaptasiya prosesi özünü daha qabarıq şəkildə göstərir. Onlar uzun müddət bir yerdə otura bilmir, yerli-yersiz söhbət edir, müəllimə və uşaqlara dərs prosesində mane olurlar. Nəticədə uşaqla müəllim, yaşıdları arasında arzuolunmaz psixoloji gərginlik yaranır.  Onlar aqressiv olur, yaşıdları və digər uşaqlarla tez-tez dalaşırlar. Ümumiyyətlə, belə uşaqları cəzalandırmaq və danlamaq olmaz. Onlarla mütləq qaydada psixoloq məsləhətiylə davranmaq lazımdır.

 Bəzi uşaqlar məktəbə gedərkən özləri ilə sevimli oyuncaqlarını  götürməkdə israr edirlər. Psixoloji mövqedən yanaşdıqda,  bunu qadağan etmək doğru deyil.  Təlim prosesinin başladığı ilk günlərdə uşağın yanında ona tanış olan əşyalardan birinin olması adaptasiya prosesini asanlaşdırır. Əgər uşaq utancaqdırsa, sevdiyi  oyuncağın yanında olması onda qorunma hissi yaradacaq.

 İlk dərs günlərində azyaşlılar yorğunluq və baş ağrılarından şikayətlənə  bilərlər.  İnadkarlıq , tez-tez ağlama və yeməkdən imtina halları, iştahsızlıq və yuxu pozulması, əhval-ruhiyyənin tez-tez dəyişməsi, məktəbə getməkdən imtina etmə, özünüqiymətləndirmə həddinin aşağı düşməsi və s..hallar müşahidə edilə bilər.

Adaptasiya dövründə orqanizmin müdafiə funksiyası zəifləyir və uşaq tez-tez xəstələnir.Bu halda valideynlərə daha səbrli olmaq, uşaqla konfliktə girməmək tövsiyə edilir. Cəzalandırma və irad tutma halları vəziyyəti daha da gərginləşdirə bilər. Bu müddətdə   valideyn dəstəyi çox vacibdir.

Məktəbə adaptasiya valideyn və müəllimdən xüsusi diqqət tələb edir. Fizioloji və psixoloji adaptasiya prosesinin qarşılıqlı əlaqəsi də önəmli faktordur. Onlardan hər biri ayrılıqda uşağın sağlamlığına, təlimdə uğuruna,  yaşıdları və müəllimləriylə münasibətlərə təsir göstərir. Uyğunlaşma müddəti uşağın davranışında müəyyən dəyişikliklərin yaranmasına da səbəb olur. İfrat oyanıqlıq, aqressivlik, yaxud da tam əksinə, depressiya vəziyyəti yaranır. Belə hallarda uşaqlarda  məktəbə qarşı qorxu hissinin  yaranması  təbiidir.

Məktəbə hazırlıq mərhələsini keçənlərdə adaptasiya xeyli asanlaşır. Dərs ilinin ilk İki ayında uşaqlar məktəb şəraitinə uyğunlaşır, yoldaşları ilə ünsiyyət qura bilirlər. Müəllimlərlə asanlıqla dil tapır, onlara öyrəşirlər. Hazırlıq mərhələsini keçən uşaqlar sakit davranışları, xoş əhval ruhiyyədə olmaları ilə seçilirlər. Təlim prosesi digər uşaqlardan fərqli olaraq onlar üçün daha asan keçir, dərs tapşırıqlarını, məktəbin tələb və qaydalarını çox asanlıqla mənimsəyirlər.

Bəzi uşaqlar isə hətta növbəti dərs ilində belə məktəbə adaptasiya problemi yaşayırlar. Psixoloji baxımdan belə uşaqlar məktəb nevrozu adlanan risk qrupuna  daxil olurlar. Onlar tez-tez  xəstələnirlər.

Valideynlər məktəbə getməyin nə üçünlazım olduğunu anlamaqda uşaqlara kömək etməlidirlər. Kiçik yaşlılarla  məktəb mövzusunda bezdirici olmamaq şərtilə tez-tez söhbətlər aparılmalıdır. Nə üçün oxumaq lazımdır və məktəb qaydalarına nə üçün əməl edilməlidir kimi məsələlər uşağın anlayacağı  şəkildə ona başa salınmalıdır.

Əgər 1-ci sinifdə uşaq  dərslərini öyrənməkdə çətinlik çəkir, məktəb qaydalarını pozur, müəllim və yaşıdları ilə tez-tez konfliktə girirsə, bu halda dezadaptasiya – problemi özünü göstərir. Bundan əlavə  gizli dezadaptasiya hallarına  da rast gəlinir. Bu hallar uşağın psixoloji yaşantılarında  özünü göstərir.Dezadaptasiya aktiv və passiv formada olur.  Aktiv formada uşaqda düşmənçilik, etirazetmə, inadkarlıq, başqalarına qarşı daim pis münasibət müşahidə edilir.Passiv formada  isə yüksək həyəcanlılıq, xırda çətinliklərdən belə qaçma, özünə inamsızlıq, bacarıqlarını düzgün qiymətləndirə bilməmək halları baş verir, somatik xəstəliklər yaranır. Belə hallarda onlar yorğunluqdan, baş ağrılarından və ürək bulanmadan  şikayətlənirlər. Kəkələmə və tiklərin əmələ gəlməsinə də təsadüf olunur.

Əgər uşaqda məktəbə getməklə bağlı dezadaptasiya yaranırsa, bu müəyyən vaxtdan sonra ötüb keçmir, əksinə, bir sira komplekslərin əmələ gəlməsinə səbəb olur. Uşağı asosiallıqda, uğursuzluqda və bacarıqsızlıqda günahlandırmaq, tənqid etmək olmaz. Nəzərə almaq lazımdır ki, təlimdəki  geriliyi aradan qaldırmaq olar. Uşağın təlim müvəffəqiyyətini etalonlarla deyil, onun özünün əldə etdiyi keçmiş uğurları ilə müqayisə etmək lazımdır. Əgər uşaq təlimdə geri qalırsa, onda onu digər bacara biləcəyi və uğur qazanacağı sahəyə yönəltmək lazımdır. Bu sahədə əldə etdiyi uğurlar kiçik məktəblinin təlimdə yüksək nəticə qazanmasına, psixoloji  vəziyyətinin yaxşılaşmasına  təkan verəcəkdir.

Bir çox halda ata-ananı uşağın psixoloji vəziyyətindən daha çox onun aldığı qiymətlər maraqlandırır. Uşaqla valideyn arasında münasibətlər elə qurulmalıdır ki, o, yaxınlarının onu məhz dərsdəki uğurlarına  görə sevdiyini düşünməsin. Uşaq  hiss etməlidir ki, onu olduğu kimi qəbul edir və sevirlər. Valideyn övladının məktəb həyatı ilə yaxından maraqlanmalıdır. Və bu zaman uşağın təlimlə bağlı qiymətlərini vurğulamaq lazım deyil.

Valideynlərə tövsiyyəmiz odur ki,məktəbə hazırlıq prosesində mütləq uşaq psixoloqları ilə məsləhətləşsinlər.