Vərdiş sandığımız hərəkətlərin psixoloji səbəbləri nədir?

Məqalələr

Vərdiş sandığımız hərəkətlərin psixoloji səbəbləri nədir?

02.02.2019

165

Klinik psixoloq Aydan Sabirli.

Radio kanallarından birində səsləndirilən “hansı vərdişləri tərgitmək istəyirsiniz?” sualı diqqətimi çəkdi.  Əslində marağıma sualdan daha çox ona verilən cavablar səbəb oldu.

  Bir neçə cavaba diqqət yetirək.

1.        Evdən çıxarkən təkrar-təkrar qapını bağlayıb bağlamadığımı yoxlamaqdan çox yorulmuşam və bu vərdişi necə tərgidəcəyimi bilmirəm.

2.        Harasa gedirəm və birdən mənə elə gəlir ki, ütünü elektrik şəbəkəsindən çıxarmamışam. Əslində belə olmadığını bilirəm, amma yenə də geri dönmək məcburiyyətində qalıram. Ən pisi də odur ki, bu artıq vərdiş halını alıb.

3.        Həyəcanlananda göz qırpmaq məni çox əsəbiləşdirir. Amma nə edəcəyimi bilmirəm.

4.        Səliqəli və ya səliqəsiz olmasından asılı olmayaraq ev yığışdırmaq vərdişindən bezmişəm. Hər tərəfi silib təmizləyirəm, bir qədər sonra mənə elə gəlir ki, hər yer toz içindədir.

5.        Adi vaxtda səlis danışıram, fikrimi asanlıqla ifadə eləyirəm. Həyəcanlanan kimi  söz deməyə çətinlik çəkirəm.

Radosorğuya qoşulan şəxslərin vərdiş hesab edərək yaxa qurtarmaq istədikləri əslində psixoloji problemlərdir və  göründüyü kimi insanlar  psixoloji korreksiya tələb edən, yuxarıda sadalanan və bənzər  problemləri vərdiş, xasiyyət kimi dəyərləndirir, çox zaman da bunu adi hal olaraq qəbullanır, ciddiyə almırlar.

Gəlin, məsələyə ciddi yanaşaq və unutmayaq ki, narahatlıq doğuran, vərdiş, xarakter olaraq dəyərləndirdirilən xüsusiyyətlərin psixoterapiya yolu ilə aradan qaldırılması mümkündür.

 Məsələn, qapını bağlayandan sonra təkrar-təkrar yoxlayan, yaxud da ütünü şəbəkədən çıxarandan sonra yoxlamaq üçün evə qayıdan şəxslərin bu xüsusiyyəti vərdiş olaraq görməsi düşüncəsinin altında bir çox psixoloji aspektlər dayanır. Bu həmin şəxslərin özünə inamsızlığı, özünü qiymətləndirmənin aşağı olması,  generalizə olunmuş təşviş pozuntusu, ifrat dərəcədə özünə nəzarət (obsessiv-kompulsiv pozuntunun bir qolu) və sair psixoloji problemlərdən qaynaqlana bilər.

Bunu da nəzərə almaq lazımdır ki, başlanğıc mərhələdə  bu tipli psixoloji problemlər yaşayan şəxslər mütəxəssis dəstəyi almazsa, zamanla problemlər daha da ciddiləşər. Yəni, bu gün ütünün şəbəkədə olduğunu zənn edən şəxsin daha sonra özünə nəzarət obyektləri genişlənəcək (işıq, qaz, yaxın insanı itirmək qorxusu və s.) xəstəlik halını alacaqdır.

Həyəcanla bağlı  ( həyəcan anında göz qırpma və uyğun sözləri deyə bilməmə) fikrinə gəlincə, təbii ki, burada hər hansı vərdişdən və xarakter xüsusiyyəntindən söz gedə bilməz. Bəlkə həmin şəxslər fərqində deyillər, çox güman ki, onlar bu problemi əsibi və gərgin olduqları zaman da yaşayırlar.

 Durmadan ev yığışdırmaq vərdişindən çox yoruluram, deyən dinləyicinin cavabından sonra radio aparıcılar arasında məsələyə münasibətlə bağlı qısa bir dialoq oldu. “Bunun nəyi pisdi ki? Ev həmişə təmiz olacaq”, kimi fikirlər səsləndirildi. Problemə mütəxəssis mövqeyindən yanaşılsa, izləyicidə obsessiv-kompulsiv pozuntunun ağırlaşmasından söhbət gedə bilər. Ev təmiz olmadığı zaman və ya gündə bir dəfə edilən təmizlik qəbul edilən olduğu halda, tərtəmiz  evi şəxsin onu rahatsız edən düşüncələr səbəbindən təkrar-təkrar təmizləməsi isə qəbul edilməzdir. Həmin xanım bu davranışın davamında evə gələn insanları (qonağı belə) duşa salmağa çalışacaq, evə alınan hər ərzağı (hətta bankaları belə) yuyub yerləşdirəcək, və yenə də rahatlıq tapmayacaqdır. Rahatsız edən düşüncələr artdıqca komorbid pozuntu olaraq depresiyya yaranacaq, vəziyyət daha da ağırlaşacaqdır.

 Unutmayın, sizi rahatsız edən, “bezdirən” heç bir şey səbəbsiz deyildir. Bunların səbəblərinin araşdırılmasını və sizlərə mənfi təsirinin aradan qaldırılmasını mütəxəssislərə həvalə edin.