Uşaqlara nəyi qadağan etmək olmaz?

Məqalələr

Uşaqlara nəyi qadağan etmək olmaz?

03.01.2019

432

Təbii ki, hər uşağın həyatında məhdudiyyətlər olmalıdır, lakin qadağalar uşağın həyatı kəşf etməsinə, özünü formalaşdırmasına mane olmamalı, inkişafına mənfi təsir etməməlidir.
1.Sual verməyi. Uşaq böyüyür və dünyanı kəşf edir. Təbii olarq bu prosesdə suallar yaranır. Bəzən valideyinlər aramsız verilən suallardan yorulur, soruşulanı cavablandırmırlar. Əgər uşağınızın dünyanı daha asan dərk etməsini, hərtərəfli inkişafını, şəxsiyyət kimi yetişməsini istəyirsinizsə, onunla söhbətə, hər sualını aydın cavablandırmağa vaxt ayırmalısınız. Bu, həm də aranızda olan bağları möhkəmləndirəcək,gələcək münasibətlərin formalaşmasında müsbət təsirini göstərəcəkdir.
2. Fəal olmağı. Bəsdir tullanıb düşdün, sakit otur. Balacaların böyüdüyü evlərdə belə komandalar tez-tez eşidilir. Lakin fərqinə varmalısınız ki, aktiv hərəkət , qaçmaq, hoppanmaq uşağın təbii fiziki inkişaf təlabatlarıdır. Uşağın enerji dolu və şən olması onun həm fiziki, həm də psixoloji sağlamlığının təminatıdır. Bu hissləri öldürmək əvəzinə enerjisinin doğru istiqamətə paylanması, qabiliyyət və bacarıqlarının aşkarlanması üçün hər hansı bir dərnəyə və ya məşğələlərə etməyiniz doğru olardı.
3.Hədə-qorxu gəlməyi. Qorxu-təşviş hər insanın keçirə biləcəyi hisslərdir. Balacaların itdən, həkimdən, yad insanlardan qorxmağı təbii haldır. Buna görə onları utandırıb, - böyük oğlansan, amma qorxursan, ayıb olsun sənə, - kimi ifadələr işlətməkdənsə, qorxularını necə üstələyəcəyini anladın.
4.Cığalçılıq etməyi. Körpənin özünə məxsus əşyaları üzərində tam haqqı var. Yəni, əgər öz oyuncağını könüllü olaraq bir başqa uşağa verməkdən imtina edirsə, buna görə danlamaq yanlışdır. Bəzən bu və buna bənzər ifadələr işlədilir: Elə biləcəklər ki, paxılsan, sənə güləcəklər. Uşağı belə utandırıb, əzmək yaramaz. Siz oyuncağı ona almısınızsa, demək ki, bu, onun şəxsi əşyasıdır. İstəsə paylaşar, istəməsə yox. İki uşaq həyətdə oynayır. Birinin velosipedi, digərinin oyuncaq maşını var. Uşaq maşını yerə atıb velosipeddən yapışır, sürmək istəyir. Təbii ki, velosipedli uşaq vermir və digəri ağlayır. Ana oğlunu məcbur eləyir ki, o səndən balacadır ver, sürsün. Uşağı buna məcbur etməyin. Əgər tanımadığınız biri sizin sevimli çantanızdan xoşlanıb onu özünə istəsə verərdinizmi?
5.Kömək etməyi. “Əl vurma sındırarsan və ya eləmə, dağıdarsan” kimi ifadələrlə ana uşağına qışqırır, sonra da şikayətlənir ki övladım heçnə eləmək istəmir. Uşağın kömək etmək cəhdini dəyərləndirin. Yardım etmək istəyini öldürməyin. Əksinə siz ona bir iş tapşırsanız, gəl bu işdə mənə kömək elə, desəniz uşaq özünü gərəkli və dəyərli hiss edəcək, özgüvəni yüksələcək. Təbii ki, uşağın gördüyü işdən sonra onun töküb-töküçdürdüklərini yığışdırmaq zamanınızı alacaq. Vacib olan odur ki. Övladınız sizə kömək etdiyi üçün özünü xoşbəxt və qururlu hiss edəcək. Bu isə onun şəxsiyyət kimi yetişməsi, yüksək insani keyfiyyətlər qazanması üçün çox önəmlidir.