Mətbuatın intihar xəbərlərini “rəngarəng” şəkildə təqdim etməsi cəmiyyətə mənfi təsir edir

Məqalələr

Mətbuatın intihar xəbərlərini “rəngarəng” şəkildə təqdim etməsi cəmiyyətə mənfi təsir edir

03.07.2018

191

"Loqos"un media nümayəndələri üçün olan təlimi uğurla yekunlaşdı 
Son illərdə media sahəsində psixologiya ilə bağlı maarifləndirmə işlərinə daha çox ehtiyac yaranıb. Hətta kütləvi informasiya vasitələri ilə psixologiya mərkəzləri, bu sahəylə bağlı ayrı-ayrı təşkilatların sıx əməkdaşlığı zərurəti də meydana çıxıb. Bu istiqamətdə isə ən səmərəli işləri Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB) və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi görür desək, yanılmarıq. Konkret olaraq “Loqos”un psixoloji maarifləndirmə mövzusunun mətbuatda işıqlandırılmasının aktuallaşdırmasını alqışlamaq lazımdır. Belə ki, bir müddət öncə Azərbaycan Mətbuat Şurası, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB) və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə birgə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinə başladılar. Təxminən bir ay müddətində bu layihə uğurla davam etdirildi. Layihə çərçivəsində  media nümayəndələri üçün “KİV-də psixoloji maarifləndirmə”, “Mətbuatın mənəviyyata və insan psixologiyasına təsiri” və “Jurnalist psixoloqların hazırlığı məsələsi” mövzularında təlimləri keçirildi. Təlim çərçivəsində jurnalistlər “Loqos”un Gəncə və Xaçmaz filiallarına ekskursiyası təşkil edildi. İlk təlim günündə Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli və psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Elmira Mirzəyeva iştirakçılara təlim keçdilər. “KİV-də psixoloji maarifləndirmə” mövzusunda keçirilən ikinci təlimi isə filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı və “Loqos”un psixoloqu Rafiq Allahverdiyev keçdilər.
Bir sıra maraqlı məqamlara toxunan Billurə Aslanqızı bildirdi ki, mətbuatın intihar xəbərlərini “rəngarəng” şəkildə təqdim etməsi cəmiyyətə mənfi təsir edir. “ABŞ-da aparılan araşdırmalarda belə məlum olub ki, hansısa ştatda intihar xəbərləri mediada çox işıqlandırılıb, həmin ştatda intiharlar da çox olub. Ümumiyyətlə, kriminal xəbərlərin geniş şəkildə verilməsi nə dərəcədə doğrudur? Təəssüf ki, ən oxunaqlı xəbərlər də məhz kriminal xəbərlər olur...” B.Aslanqızı dedi ki, hər intihar xəbəri də jurnalistlər tərəfindən qabardılmalı deyil. Əgər intihar edən ictimai xadim, tanınmış şəxsdirsə, bunun qabardılması mümkündür. Belə xəbərlərin kütləvi şəkildə tirajlanması ictimai fikrə də mənfi təsir edir, bu məsələnin psixoloji tərəflərini də düşünmək lazımdır: “Mətbuatda ilk növbədə psixoloji maarifləndirmə genişləndirilməlidir. Hətta iş o yerə çatıb ki, əvvəllər mətbuatda adı hallanmayan mövzular qabarıq təqdim edilir. Məsələn, təcavüz xəbərləri. Bütün bunlar ictimsiyyətə təqdim edildikdə psixoloji məqamlar mütləq nəzərə alınmalıdır”.
Digər təlimçi Rafik Allahverdiyev deyir ki, informasiyanı təqdim etmək jurnalistin işi olsa da, burada da müəyyən həddi gözləmək lazımdır. Elə xəbər ola bilər ki, onun yanlış formada təqdim edilməsi və xəbərin oxunaqlı olması üçün ətraflı təqdimatı insanların kütləvi şəkildə psixoloji durumuna mənfi təsir edə bilər: “Hətta intihar xəbərini belə, təqdim edəndə o olayda hansısa pozitiv nöqtə varsa, xəbərdə bu amil qabardılmalıdır. Məsələn, intihar edən şəxsin özünü binadan atmasına cəhdi yox, bu intiharın aradan qaldırılması xəbərdə, başlıqda qabardılmalıdır”.
Təlimçi dedi ki, bəzən media işçiləri qəzetlərinin çox satılması, saytlarının çox oxunması üçün xəbər başlıqlarında, məqalələrində ciddi məsuliyyətsizliyə yol verirlər: “İnsanların psixoloji vəziyyəti belə jurnalistlərin vecinə deyil. Bəzən başlıq belə insanlarda psixoloji travmaya səbəb olacaq səviyyədə qoyulur. Yəni artıq insanlar şantaj, ajiotaş xarakterli materialları oxumasınlar. Məntiqli informasiyalara söykənən yazıları oxumaq lazımdır və media da bu istiqamətdə çalışmalıdır ki, xəbər təqdimatı düzgün olsun”. 
“Psixoloji mövzuda yazan jurnalistlərin hazırlığı məsələsi” mövzusunda keçirilən üçüncü təlimi isə yazıçı, jurnalist Pərvin Nurullayeva və psixoterapevt Elmir Əkbər apardılar. 
Təlimdən öncə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova jurnalistlərlə fikir mübadiləsi apardılar. Natiq “Loqos”un gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında da ətraflı məlumat verdi.
Layihə çərçivəsində jurnalistlər üçün “Loqos”un Gəncədəki filialına ekskursiya da təşkil edildi. Ekskursiyaya “Loqos”un baş psixoloqu Elmira Mirzəyeva, “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün də qoşuldu. Səfər çərçivəsində media nümayəndələri əvvəlcə “Loqos”un Gəncə filialı və “Loqos” Erkən İnkişaf Təlim Mərkəzi ilə tanış oldular
Filial və onun fəaliyyəti, əməkdaşları haqqında "Loqos"un Gəncə filialının baş psixoloqu Lyudmila Mansurova məlumat verərək dedi ki, Gəncədəki filial 2016-cı ildə fəaliyyətə başlayıb və 25 nəfər işçisi var. Burada psixoloq, psixopedaqoq loqoped, idman üzrə mütəxəssis və b. işçilər fəaliyyət göstərirlər. Autizmi, əqli problemi, serebral iflici olan uşaqlarla işlədiklərini, belə ağır durumda olan uşaqlarla işləmək üçün daha çox zamana ehtiyac duyulduğunu deyən baş psixoloq daha bir mərkəzin də açıldığını bildirdi: “Əksər hallarda 7-8 saat vaxt tələb olunur ki, bu cür uşaqlarda bərpa prosesləri aparılsın. Buna görə də zərurətdən daha bir mərkəz açdıq. Bağça tipli olsa da, bu gün ərzində bərpa tipli xüsusi mərkəzdir ki, burada da işlər çoxalıb. Burada artterapiyalar və s. xidmətlər də geniş təqdim edilir. Artıq Rusiyanın bəzi bölgələrindən, Gürcüstandan da bura gəlirlər. Təbii ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən də müraciətlər edən olur. Məqsədimiz təkcə uşaqlarla işləyib, onları normal həyata bərpa etmək deyil, həm də valideynlərlə də işləyib, onları da maarifləndirməkdir”. "Loqos" Erkən İnkişaf Təlim Mərkəzinin baş psixoloqu Taciyə Mehdisoy mərkəzlə jurnalistləri tanış edərək dedi ki, belə bir xidmətin yaradılması Gəncə üçün xüsusi əhəmiyyət kəsb etdi. Çox sayda müraciət edənlər var. Psixoloq, psixopedaqoq, loqoped, artterapiya və digər sahələrimiz var ki, bizə müraciət edən övladlarımıza eyni vaxtda tətbiq olunmağa başlayır. Üstünlüyümüz odur ki, burada daha çox kompleks xidmət olur. Yəni, səhər kompleksimizə övladını təhvil verən valideyn, günün sonunda onu dərsləri bitdikdən sonra geri götürür. Daha sonra Taciyə Mehdisoy tərəfindən “Şüuraltımız nə istəyir” adlı təlim keçirildi. Təlimdən sonra media nümayəndələri Qədim Gəncə şəhərinə ekskursiya edərək, Şeyx Nizami məqbərəsini də ziyarət etdilər. Layihə çərçivəsində jurnalistlər Xaçmaza da səfər etdilər. Layihənin rəsmi hissəsində Xaçmaz filialının psixoloqu Ülviyyə Əlifxanova "Uşaq psixologiyası və tərbiyə metodları", loqoped Aytac Nemətova isə "Ən çox yayılan nitq qüsurları və aradan qaldırılması yolları" haqqında geniş məlumat verdi. Mərkəzin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyevanın açıq havada keçirdiyi relaksasiya günün yorğunluğunu unutdurdu. Sonda jurnalistlər layihənin təşkilatçılarına və "Loqos" Mərkəzinin rəhbəri Təranə Məmmədovaya minnətdarlıq etdilər. Bu, layihə çərçivəsində iştirakçıların bölgələrə son səfəri idi. Qarşıda müsabiqə mərhələsi var. Layihəyə qatılan jurnalistlərin psixoloji mövzuda qələmə aldıqları yazıları münsiflər tərəfindən dəyərləndiriləcək, sentyabrın ilk ongünlüyündə müsabiqəyə yekun vurulacaq.
Tural Tağıyev