Xoşniyyətli "Loqos"la Gəncə səfəri

Məqalələr

Xoşniyyətli "Loqos"la Gəncə səfəri

13.06.2018

223

Xoşniyyətli "Loqos"la Gəncə səfəri

Şahanə MÜŞFİQ

Artıq bir aydır ki, bir qrup gənc jurnalistlə bərabər Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsində iştirak edirik.
 
Layihənin əsas məqsədi jurnalistləri psixoloji mövzuda maarifləndirmək, eyni zamanda, "Loqos"u mətbuata daha yaxından tanıtmaqdır. Hər iki məqsədin saf və faydalı olduğunu düşünürək qatılmışdım layihəyə.

Qədim Gəncəyə yeni dostlarla

Nəzərdə tutulan proqrama görə layihə çərçivəsində Bakıda keçirilən bir-birindən gözəl, maraqlı və son dərəcə faydalı təlimlərdən sonra "Loqos"un regionlardakı bəzi filiallarına ekskursiyalara gedəcəkdik. Bu ekskursiyalardan ilki iyunun 9-u gerçəkləşdi. "Loqos" media işçilərilə birgə özünün Gəncə filialına səfər etdi.

Hələ səfərdən öncə tanış olduğumuz proqramın nə qədər zəngin və dopdolu olduğunu görmüşdük. Ən maraqlısı isə Bakıda başladığımız təlimlərin orada da davam edəcəyi idi. Seçilən mövzu çox maraqlı olsa da, təlimin nə qədər maraqlı olacağı haqqında öncədən qəti bir fikrim yox idi. Təbii ki, hər təlimi müxtəlif psixoloqlar apardıqlarından onların iş prinsipi, məlumatları çatdırmaq bacarığını bilmirik. Amma paytaxtdakı təlimləri və ümumilikdə "Loqos"un fəaliyyətini rəhbər tutaraq Gəncə səfərinin və oradakı təlimin də maraqlı olacağına şübhə etmirdim (Bu haqda daha geniş danışacağıq).

Nəhayət, iyunun 9-u səhər tezdən "Loqos"un baş psixoloqu Elmira Mirzəyeva və "Loqos" jurnalının baş redaktoru Rəhilə Gülgünün rəhbərliyi ilə qədim Gəncəyə yeni dostlarla yol aldıq.

Əksəriyyətini tanımadığın, bir azdan tanıyacağın insanlarla uzun yola çıxmaq da çox qəribə hiss imiş. Görəsən, necə olacaq, nələr yaşanacaq, bu insanlar necə insanlardır, deyə narahatçılıqlar bürüyər içini. Axı, çox məşhur bir deyim də var, qardaşını səfərdə tanı. Bu tanışlıq hansı yöndə olacaqdı? Amma əgər komandanıza professional psixoloq başçılıq edirsə, deməli, heç bir narahatçılığa ehtiyac yoxdur.

Elmira xanımın dediyinə görə, insan beyni yuxudan durandan iki saat sonra oyanırmış. Biz də səhərin çox erkən saatında yola düşdüyümüz üçün həm özlərinə, həm də bizə istirahət saatı verdi. Yaranmış sakitlikdən istifadə edib qələm dostum, şair və jurnalist Fərid Hüseyn və Rəhilə xanımla bu günə qədər keçdiyimiz təlimlərdən, "Loqos"un iş prinsipi, psixologiya-jurnalistika və ədəbiyyatın əlaqələrindən söhbət edir, fikir mübadiləsi aparırdıq. Arada Elmira xanım da bizə qoşulurdu. Onun qoşulmağı ilə söhbətimiz fikir mübadiləsindən çıxıb növbəti psixoloji təlimə, seminara çevrilirdi. Elmira xanım hər kəlməsi ilə bizə yeni bilgi, məlumat ötürürdü. Söhbətimiz əsnasında bir tərəfdən də düşünürdüm ki, ta uşaqlığımdan sevdiyim və maraqlandığım, amma heç zaman bu qədər yaxından tanış ola bilmədiyim bu elm nə qədər geniş və dərin imiş. İnsan beyni nə qədər mürəkkəb bir "cihaz" imiş... Elə bu düşüncələrdə ikən yaradılan bu şərait üçün "Loqos"a, Təranə xanım Məmmədovaya yenidən minnətdarlıq dolur içimə.

Xoşniyyətli "Loqos"la Gəncə səfəri

Bir azdan qrup rəhbərimizin sayəsində avtobusda böyük bir canlanma baş verir. Əvvəlcə hamımız bir-birimizi salamlayırıq, tanışlıq veririk. Amma bu da adi salamlaşma, tanışlıq deyil. Biz o an bəlkə də dünyanın ən məsum cümləsini işlədirik: "Salam. Adım Şahanə Müşfiq. Mən sizin hamınıza qarşı çox xoş niyyətliyəm!" Və hər kəs həmin şəxsi alqışlamaqla özünün də ona qarşı xoş niyyətli olduğunu sərgiləyir. Beləcə aramızda saf bir bağlılıq yaranırdı. Daha sonra isə Dövlət Himnimizlə birgə coşqu başlayır. Bir neçə saatlıq yol boyu Azərbaycana aid vətənpərvərlik mahnılarını, xalq mahnılarımızı olmayan səsimizlə bir-birimizə qoşulub ifa edirik. Hətta ən susqunlarımız belə xorun ifasına mənuniyyətlə qoşulur. Hələ "aramızda iki şair var" deyib Fərid Hüseynlə mənə şeirlər də oxutdururlar. Və indicə tanış olduğumuz insanların yanında səsimizin olmamağı, sözləri ala-yarımçıq bilməyimiz, musiqini səhv salmağımız, bir sözlə, heç nə bizi narahat etmir. Axı, biz bir-birimizə qarşı çox xoş niyyətliyik!

Üzlərdə sevinc, qəlblərdə inam yaradan "Loqos"

Beləcə, deyə-gülə mənzil başına çatdıq. İlk getdiyimiz ünvan "Loqos"un Gəncə filialı olur. Şəhərin mərkəzində, əzəmətli binanın ilk mərtəbəsində qərarlaşan filialda bizi əməkdaşlardan öncə oraya övladı ilə gələn valideynlər qarşılayır. Regiondakı bir psixologiya mərkəzində bu qədər çox insanın olmağı deyəsən, məndən başqa digər həmkarlarımı da təəccübləndirir. Mən həm də sevinirəm. Çünki ilk qarşılaşdığım valideynlərin üzündə, gözündə sevinc, təbəssüm, arxayınlıq görürəm. Hiss edirəm ki, onlar buraya böyük sevgi və güvənlə gəlirlər. Rəhilə xanım elə ayaqüstü valideynlərlə söhbətləşməyə imkan tapır, uşaqlarının problemi və "Loqos"un onlara hansı səviyyədə yardım etməsi ilə maraqlanır. Bütün valideynlər xidmətdən çox böyük məmnunluq duyduqlarını və övladlarının problemlərində "Loqos" mütəxəssisləri sayəsində müsbətə doğru böyük irəliləmələr müşahidə etdiklərini deyirlər. Bir daha əmin oluram ki, doğru ünvandayam!

Bu filial və onun fəaliyyəti, əməkdaşları haqqında "Loqos"un Gəncə filialının baş psixoloqu Lyudmila Mansurova məlumat verir. Öyrənirik ki, 2016-cı ildə cəmi üç mütəxəssislə fəaliyyətə başlayan filialın indi 25 əməkdaşı var. Filial, həmçinin, Gəncədəki universitetlərin tələbələri üçün praktik mərkəz rolunu da oynayır. Buraya tək Gəncədən deyil, həmçinin, ətraf rayonlardan da insanlar müraciət edirlər. Lyudmila xanım, həmçinin, ən çox müraciət olunan psixoloji problemlər, xəstəliklər haqqında da danışdı. Təəssüf ki, bunların içərisində Autizmli uşaqlar çoxluq təşkil edir. Ən qorxulusu isə ilbəil bu cür uşaqların sayının artması imiş. Amma Lyudmila xanım bu uşaqların nə qədər çoxluq təşkil etsələr də, müalicələrinin mümkünlüyünü konkret misallar gətirməklə sübut edir. "Loqos"un mənim fikrimcə, ən gözəl xüsusiyyəti inam və ümid aşılamasıdır. Burada bir daha onun şahidi oldum!

Xoşniyyətli "Loqos"la Gəncə səfəri

"Şüuraltımız nə istəyir?"

Filialı gəzib bütün terapiya otaqları ilə yaxından tanış olandan sonra üz tuturuq "Loqos" Erkən İnkişaf Təlim Mərkəzinə. Bu mərkəz isə sırf azyaşlı uşaqlarla məşğul olur. Mərkəzin həyətinə daxil olanda ilk diqqətimi çəkən divarlardakı maraqlı şəkillər və həyətdəki yelləncəklər, nağılvari dekorasiya oldu. Hər tərəfdən körpə ətri gəlirdi. Burada uşaqların həm əylənib, həm də yüksək səviyyədə müalicə almaqları üçün hər cür şərait yaradılıb. Mərkəzdə bizi icraçı direktor Taciyə Mehdisoy qarşıladı. Öncə mərkəzlə tanış olduq. Bura da müalicə üçün müraciət edən valideyn və körpələrlə dolub daşırdı. Otaqların hər biri səliqə-səhmanı, rahatlığı, müsbət aurası ilə bir-birindən geri qalmırdı.

Tanışlıqdan sonra proqram üzrə nəzərdə tutulan təlim başladı. Təlimi Taciyə xanımın özü aparırdı. Mövzumuz isə bizim peşəmiz, məşğul olduğumuz sahə ilə bilavasitə əlaqəli olan şüuraltı idi. İki saatlıq təlim boyunca mütəxəssisimizlə birgə "Şüuraltımız nə istəyir?" sualına cavab tapmağa çalışdıq.

Əziz oxucu, çox təəssüf edirəm ki, həmin təlimdən qazandığımız o faydalı bilikləri, məlumatları, çıxartdığımız nəticələri sizin üçün qələmə almağa bu sahədəki nə biliyim, nə də təcrübəm imkan verir. Mən sadəcə yüksək savada, geniş nitq imkanlarına və səlis, gözəl danışıq qabiliyyətinə malik olan Taciyə xanımdan danışa bilərəm.

Taciyə xanımın, ümumilikdə, "Loqos" mütəxəssislərinin bəlkə də ən üstün cəhətləri və uğurlarının başlıca sirri məşğul olduqları sahənin həyatla, insanla bilavasitə əlaqəsini dərk etmək, buna bir elm kimi deyil, həyat tərzi kimi yanaşmalarıdır. Şüuraltının nə olduğu haqqında o vaxta qədər az-çox təsəvvürümüz olsa da, Taciyə xanımın sayəsində onun həyatımızdakı müstəsna rolunu da öyrənmiş olduq. Həmişə deyirlər ki, yaxşı düşün, yaxşı olsun. Bu sözün hardan gəldiyi haqqında əsaslı məlumatları da mütəxəssisimiz bizə aşıladı. Sən demə, insan həyatını, hərəkət və davranışlarını 10 faiz şüur idarə edirsə, 90 faizi şüuraltının payına düşür. Bizim üzərimizə düşən əsas vəzifə isə daim hərəkətdə olan şüuraltımızı yaxşı işlərə, pozitiv düşüncələrə və müsbət istiqamətə yönləndirməkdir. Taciyə xanım demiş, biz nə etsək də, şüuraltımız onsuz da hərəkətdədir, hiperaktiv uşaq kimi və o, bizdən enerjisini müsbətə yönləndirməyimizi gözləyir.

Təlimdən sonra Taciyə xanım bizimlə qrup-terapiya da apardı. Təsadüfi seçilmiş şəkillərdən qrup halında bir nağıl uyduracaqdıq. Biz o nağılı uydurduq uydurmağına, amma sən demə, bu gənc xanım yüksək müşahidəsi, savadı və təcrübəsi sayəsində bizim uydurduğumuz 2-3 cümlədən xarakterimizdəki müəyyən əlamətləri aşkarlayıbmış. İnsanın iki daşın arasında özünü özünə şərh etmək nə qədər də maraqlı imiş.

Təlim o qədər maraqlı gəlir ki, hətta çay süfrəsi arxasında da psixoloqlarımızı dincəlməyə qoymuruq, hərəmiz bir tərəfdən suallarımızı dolu kimi yağdırırıq. Onların isə "islanmaqla" araları yaxşıdır deyəsən, böyük səbrlə bizim hər birimizə diqqət edir, suallarımızı ətraflı şəkildə cavablayırlar.

Anaların ümidi "Loqos"

Səfərimizin nəzəri, praktiki hissəsini bitirdikdən sonra bir az ara vermək istədim və gözümə bir küncə dayanıb çəkilişdən gizlənən bir ana dəydi. Yaxınlaşıb nə üçün buraya gəldiyini, hardan gəldiyini soruşdum. Dedi ki, altı yaşlı oğlunu artıq bir aydan çoxdur ki, həftədə üç dəfə Goranboydan buraya müalicəyə gətirir. Övladında ünsiyyət pozğunluğu, diqqət dağınıqlığı varmış. "Loqos"un iki mütəxəssisindən terapiya alan balacada artıq xeyli irəliləyiş, müsbətə doğru düzəlmə müşahidə olunur. Övladına görə çox narahat olan gənc ana onda yaranmış bu problemə görə bir az da özünü günahlandırır: "Neçə ildən sonra tapılmış uşaq olduğuna görə üstündə çox əsdim, çölə-bayıra buraxmadım, yaşıdlarından kənar tutdum, ancaq evdə, öz yanımda cizgi filmlərlə vaxt keçirtdi. Nəticə də belə..."

Onunla söhbət edərkən günümüzün vəziyyətinə göz atıram. Həqiqətən də valideynlər özlərini zəhmətə salmamaq üçün uşaqları ta körpəliyindən internetə, telefona, cizgi filmlərinə öyrədir və nəticədə uşaqlar ətraf mühitdən tamamilə uşaq düşürlər. Çox təəssüf ki, bu hal get-gedə artmaqdadır. Axı hər kəs aid olduğu mühitdə böyüməlidir. Uşaqların da aid olduğu mühit məhz yaşıdlarının arasıdır.

Şeyx Nizaminin hüzurunda

Gəncə səfərimiz dahi Nizami Gəncəvinin əzəmətli məqbərəsini ziyarətlə yekunlaşır. Artıq ikinci dəfədir ziyarət etdiyim məqbərə hər ikisində eyni hisslər yaşadır: qürur, məsuliyyət, həyəcan və sevgi. Məqbərəyə yaxınlaşdıqca hərəmiz Nizaminin misralarını dilimizin altında pıçıldayırıq. O böyük şəxsiyyətin məhz bizim, bizim ədəbiyyatın, bizim Gəncənin olduğu üçün hər dəfə daha müthiş fəxarət duyuruq.

Məqbərənin yanındakı Nizami və onun "Xəmsə"sinin şərəfinə ucaldılan abidə kompleksi də şəhərin əzəmətinə bir başqa əzəmət qatır. Burada bayquşların söhbətinə qulaq asan Nuşirəvan şah ("Sirlər Xəzinəsi"), dağları çapan Fərhad ("Xosrov və Şirin), sevgisinə görə çöllərə düşən Məcnun və onun Leylisi ("Leyli və Məcnun), böyük bir öküzü hündür mərtəbəli binaya qaldıran Fitnə ("Yeddi gözəl") və İsgəndərə həyatının dərsini verən Nüşabə ("İsgəndərnamə") gözəl bir kompoziya şəklində Gəncəyə səfər edən qonaqları salamlayır, onları özləriylə birgə düz doqquz əsr öncəyə aparırlar.

Beləcə, "Loqos" ailəsi ilə yola çıxdığımız bir günlük Gəncə səfərimiz xoş hisslər, zəngin məlumatlar və kövrək xatirələrlə yekunlaşır. Biz isə artıq dostu olduğumuz "Loqos" və layihə iştirakçılarıyla "gələn görüşə qədər" deyib sağollaşırıq.