ELAN
13 sen 2018, 01:56
Tərəfdaş mütəxəssislər
Saytımızın yeni dizaynı necədir?

LOQOS JURNALI

Niyə mənə yalan söylədin?

25 yan 2019, 13:44   
    59
3 ildir bir yerdəyik, həmişə ona qarşı dürüst olmuşam. Amma bu gün mənə yalan söylədiyini hiss etdim. İnana bilmirəm, ağlıma sığışdıra bilmirəm.

-Niyə yalan dediyini aydınlaşdırdınmı? Səbəbi səni maraqlandırmırmı?

-Allah xatirinə, nə fərqi var ki? Səbəb nə olursa olsun yalan yalandır. Heç nə soruşmadan ayrıldım.

Burada bir qədər düşünmək lazım deyil mi? Bir-birini sevən iki insan birlikdədir, amma bir yalan üzündən hər şey bitir.

Hər kəs həyatında bir dəfə də olsa yalan danışıb. İstər “ağ yalan” olsun, istərsə də ehtiyatsızlıqdan qırdığı bahalı gülqabı üçün nənəsinə “ mənim xəbərim yoxdur” yalanı, istərsə də yaxın rəfiqəmizlə eyni adamdan xoşlandığımızı anladığımızda onun xoşbəxtliyi adına sevdiyimizi inkar etmə yalanı. Yəni, dərinləyə getməyək, çünkü yalansız insan yoxdur.

Elə düşünməyin ki, mən yalan danışmaq çox gözəl bir şeydir, işinizə gələndə istədiyiniz yalanı danışa bilərsiniz deyirəm.ƏSLA!

Atalardan gəlmə gözəl bir misal var: Ən doğru biclik düzlükdür. Amma etiraf etməliyik ki, hər birimizin yalan söyləməyə məcbur qaldığımız vəziyyətlər olur.

Əsrlərin sınağından çıxan müdrik kəlamda belə deyir: “ Yalanın böyüyü kiçiyi olmaz”.

Zaman-zaman bəzən vəziyyətlə qarşılaşırıq. Məsələn, yaxın qohumun toyudur, ora getməliyik. Rəhbər çox ciddi adamdır, ondan necə icazə alaq ki, rədd cavabı verməsin.

Çox düşünmək lazım gəlmir. Üzünə hüzünlü bir ifadə verib qapısını döyürsən qorxa-qorxa şirin yalanını söyləyirsən,-“Nənəmin vəziyyəti pisləşib xəstəxanadadır, icazə olarmı mən də gedim?”

Və biz hələ də yalanın böyüyü kiçiyi olmaz düşüncəsindəyik.

Bizi yalan söyləməyə məcbur edən nədir? Toya getmək istədiyimizi rəhbərə birbaşa söyləmək yerinə niyə yalana üz tuturuq?

Burda məsələ bir qədər qəlizləşir. Çünki doğrunu söyləsək onun icazə verəcəyindən əmin deyilik.

Yalan danışmağa məcbur eləyən səbəblər hansılardır?

Qorxu: Xəyal etdiyimiz xoşbəxtliyə qovuşma istəyindən və qarşımızdaki insanı itirmə qorxusundan irəli gələn. Əgər qarşımızdaki insan qorxularımızla savaşmağa imkan tanısa və dürüst olmağımız üçün şərait yaratsa, təbii ki, biz də doğru danışıb vicdanımızı rahat saxlamaq istəyərik.

Bəzi istəklərimizi həyata keçirmək səbəbiylə söylənən yalanlar. Bəzən nəyisə həyata keçirmək üçün məsələni biraz böyüdüb dramlaşdırmaq, göz yaşı axıdıb üzgün ifadə almaq gərəkir ki, bu da öz çıxarlarımız üçün söylənən yalanlar sıralamasına daxildir və heç də yaxşı deyil. Amma əgər heç kəsə ziyan vurub canın incitmiriksə, hardasa o yalanlara göz yummaq olar, təbii ki, bu daqarşımızdaki insanın kimliyinə bağlıdır. Əgər onlar istəklərimizin dərəcəsinə önəm verib yardım etsələr, biz də yalan danışmaq məcburiyyətində qalmarıq və üstəlik sevincimizi də paylaşarıq.

Qarşımızdaki insanın xeyri üçün söylənən yalanlar. Bir çoxlarınızdan demək olar ki, eyni cümləni eşidirəm “ Sənə qaldı mənim yaxşılığım?!”. Təbii ki yox, nə də olsa həyat sənin həyatındır necə istəyirəsə elə də yaşa. Amma əgər mənim dediyim doğru sənə zərbə vuracaqsa, xoşbəxtliyinə mane olacaqsa, qoy mənim vicdanım narahat olsun və söylədiyim yalan canımı ağrıtsın, amma sən həyatına rahat davam et!

Unutmayın, insanların bizə söylədiyi hər kəlmə bizim onlara göstərdiyimiz münasibətə bağlıdır.

Əgər qarşımızdakına azacıq şans versək, onu doğruları və yanlışları ilə qəbul etsək, ilk səhvində üz döndərməyəcəyimizə inandırsaq, heç kim mükəmməl görünmək üçün yalan söyləməz.

Gəlin dərindən düşünək, ilk addımda hər şeyi kəsib atmaq yerinə söylənən yalanların altında yaratdığımız səbəbləri bir daha gözdən keçirək.